REGİONLAR
Novosaratovka-Çobankənd-Novoivanovka yolunun tikintisinə başlanılıb VİDEO
Bakı, 1 iyul, AZƏRTAC
Gədəbəy rayonunun Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisinə başlanılıb.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin avtomobil yolunun uzunluğu 9,6 kilometrdir. Layihəyə əsasən yol 4-cü texniki dərəcəyə uyğun olaraq inşa edilir və iki hərəkət zolaqlı olacaq. Yol yatağının eni 10 metr olmaqla yolun hərəkət hissəsinin eni 6 metr, hər iki istiqamət üzrə bərkidici zolaq da daxil çiyinlərin eni 2 metr təşkil edəcək.
Hazırda torpaq işləri həyata keçirilir, yol yatağı və yol əsasının tikintisi aparılır. Layihə çərçivəsində suların ötürülməsi üçün su borularının və su keçidlərinin tikintisi işləri də aparılacaq. Torpaq işləri yekunlaşdıqdan sonra yola asfalt-beton örtüyünün döşənməsinə başlanılacaq. Yolun 60 min kvadratmetr sahəsinin ikiqat olmaqla asfaltlanması planlaşdırılır.
Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisi ilə 5 yaşayış məntəqəsinin 7 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq.