MƏDƏNİYYƏT


Novosibirsk Filarmonik Kamera Orkestri Bakıda çıxış edəcək

Bakı, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində dünyanın nüfuzlu musiqi kollektivlərindən biri olan Novosibirsk Filarmonik Kamera Orkestrinin konserti keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, “Gilan Hospitality” şirkəti və Novosibirsk Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən konsertdə Novosibirsk Filarmonik Kamera Orkestri Azərbaycanın Əməkdar Artisti, Akademik Dövlət Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi altında çıxış edəcək.

Konsertdə ilk dəfə olaraq görkəmli rus bəstəkarı, SSRİ Xalq Artisti, professor Rodion Şedrinin fortepiano və orkestr üçün 6 saylı “Concerto lontano”u, Arvo Pyatrın “Qardaşlar” (Fratres), Giya Kançelinin “Daneliada”, Q.Qarayev, V.A.Motsart və P.Çaykovskinin məşhur orkestr əsərləri dinləyicilərə təqdim olunacaq.

Eyni zamanda, görkəmi bəstəkar, professor, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin 70 illik yubileyi münasibətilə Novosibirsk Filarmonik Kamera Orkestri yubilyarın “Metamorfozlar” (“Şüştər”) əsərini ifa edəcək. Konsertdə Rusiyanın Əməkdar Artisti, beynəlxalq müsabiqələr laureatı, tanınmış skripkaçı Yuliya Rubina və Moskva Konservatoriyasının aspirantı, Avropa Oyunlarının musiqi koordinatoru, istedadlı pianoçu Riyad Məmmədov solist qismində çıxış edəcəklər. R.Məmmədovun ifasında görkəmli bəstəkar Rodion Şedrinin 80 illik yubileyi münasibətilə onun bəstələdiyi fortepiano əsəri səslənəcək.

Qeyd edək ki, sentyabrın 20-də Novosibirsk Filarmonik Kamera Orkestri festival çərçivəsində Sumqayıtda yeni proqramla çıxış edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.