SİYASƏT
Novosibirskdə “Dostluq Körpüsü” forumu keçirilib
Bakı, 24 oktyabr, AZƏRTAC
Rusiya Federasiyasının Novosibirsk şəhərində “Dostluq Körpüsü: Rusiya - türkdilli və slavyandilli ölkələr və müasirliyin qlobal çağırışları” mövzusunda regionlararası forum keçirilib. Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Sodrujestvo” türkdilli və slavyandilli xalqlar arasında əməkdaşlıq fondunun, Rusiya Yazıçılar Birliyinin Novosibirsk regional bölməsinin və Azərbaycan cəmiyyətlərinin təşkilatçılığı ilə baş tutub.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən forumda Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Rusiyadakı səfirliyinin, Milli Məclisin, Rusiya parlamentinin yuxarı palatasının, Novosibirsk şəhər meriyasının nümayəndələri, diaspor təşkilatlarının rəhbərləri, elm və incəsənət xadimləri iştirak ediblər.
“Sodrujestvo” türkdilli və slavyandilli xalqlar arasında əməkdaşlıq fondunun prezidenti, Rusiya Yazıçılar Birliyinin üzvü Mirkazım Seyidov forumun mahiyyətindən danışaraq Azərbaycanın təkcə Rusiyada deyil, bütün dünyada türkdilli və slavyandilli xalqların əməkdaşlığında mühüm rolunu diqqətə çatdırıb.
Sonra Rusiya parlamentinin yuxarı palatasının üzvü Aleksandr Akimov Federasiya Şurasının spikeri Valentina Matvienkonun salamlarını forum iştirakçılarına çatdırıb.
Forumda çıxış edən Dövlət Komitəsinin nümayəndəsi Tural Səfərov Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən, müasir Azərbaycanın dünya arenasında qazandığı uğurlardan və ümummilli lider Heydər Əliyevin siyasətinin bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb.
Daha sonra tədbirdə çıxış edənlər Türk-slavyan birliyinin çoxmillətli Rusiyada vacibliyini bildirib, Rusiyadakı Azərbaycan icmasının bu birliyə verdiyi töhfələrdən danışıblar.
Forum Azərbaycan və Rusiya incəsənət xadimlərinin konsert proqramı ilə başa çatıb.
Forum çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinə, ümummilli lider Heydər Əliyevə və müasir Azərbaycana həsr olunmuş sərgi də təşkil edilib.