SİYASƏT
Novruz Sadıqov: Ermənilər həmişəki kimi verdiyi sözə əməl etmir, dinc sakinləri hədəfə alır
Goranboy, 13 oktyabr, Məhərrəm Əlioğlu, AZƏRTAC
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun cəbhədə qazandığı uğurlar biz goranboylularda böyük ruh yüksəkliyi yaradıb.
Bunu AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbirinə açıqlamasında Goranboy rayon ziyalısı Novruz Sadıqov deyib.
Ermənilərin həmişəki kimi, verdiyi sözə əməl etmədiyini bildirən N.Sadıqov qeyd edib ki, cəbhədə gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin qarşısında aciz qalan Ermənistan ordusu, hakimiyyəti humanitar atəşkəs rejiminə əməl etmir, dinc sakinlərin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutaraq mülki əhalini hədəfə alır, qadın və uşaqları qətlə yetirir, çoxsaylı ev və təsərrüfatlara böyük ziyan vurur. Bütün bunlar Ermənistan ordusunun faşist, terrorçu mahiyyətini bir daha sübut etməklə, düşmənin beynəlxalq humanitar hüququn norma və prinsiplərinə əməl etmədiyini göstərir. Düşməndən fərqli olaraq, Azərbaycan Ordusunun dinc əhali ilə işi yoxdur. Biz Ali Baş Komandanımıza və Azərbaycan Ordusuna inanırıq.
“Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti ölkəmizin bütün vətəndaşları kimi, biz goranboylular tərəfindən də böyük ruh yüksəkliyi ilə qarşılanıb. Bütün Goranboy ictimaiyyəti Prezident İlham Əliyevin yürütdüyü siyasəti ürəkdən bəyənir, onu dəstəkləyir”.