MƏDƏNİYYƏT
Novruz bayramı Klaypeda şəhərində də qeyd edilib
Klaypeda, 22 mart, AZƏRTAC
Litvanın Klaypeda şəhərində fəaliyyət göstərən “Azəri” Azərbaycan cəmiyyəti Novruz bayramını qeyd edib. Milli Mədəniyyətlər Mərkəzində təşkil olunan bayram şənliyində Ukrayna, Belarus, polyak, alman, tatar və rus icmalarının üzvləri azərbaycanlılara ən səmimi arzularını çatdırıblar.
AZƏRTAC xəbər verir ki, “Azəri” cəmiyyətinin sədri Əliağa Məmmədov tədbir iştirakçılarına qədim adətlərdən, Novruz ənənələrindən söz açıb.
Gecənin aparıcıları Səbinə Qurbanova və Rəna Məmmədova qədim ənənələrə hörmət əlaməti olaraq gözəl milli libaslarda çıxış ediblər. Onlar bildiriblər ki, Azərbaycanın ənənəvi şirniyyatları olan şəkərbura, paxlava, qoğal, habelə plov, dolma, kabab və boyanmış yumurtalar Novruzun kulinar rəmzləridir. Bayramın mühüm atributlarından biri isə səmənidir.
Azərbaycan bazar günü məktəbinin şagirdləri koloritli kostyumlarda çıxış edərək, mahnı və rəqsləri ilə tədbir iştirakçılarına sevinc dolu anlar bəxş ediblər.
Şənlikdə Novruz tonqalının üstündən tullanan hər kəs qədim xalqın adətlərini duya bilib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Klaypeda