Novruz bayramı Tbilisidə təntənə ilə qeyd olunub
AzerTAg.az
Tbilisi, 15 mart, AZƏRTAC
Novruz bayramının gəlişini bildirən İlaxır çərşənbə Gürcüstanın paytaxtı Tbilisidə təntənə ilə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, bayram münasibətilə Tbilisidəki M.F. Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin həyətində geniş bayram tədbiri keçirilib.
Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) və Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) əməkdaşları, Tbilisi Şəhər Şurasının sədri Giorgi Tkemaladze, Tbilisi merinin müavini Kaxa Gulediani, Türkiyə, Qazaxıstan və digər ölkələrin səfirliklərinin nümayəndələri, azərbaycanlı icmanın üzvləri, ziyalılar və gənclər iştirak ediblər.
Azərbaycan xalçaları, səməni, boyanmış yumurta, şəkərbura, paxlava və digər şirniyyatlarla bəzədilmiş meydanda Kosa və Keçəl Novruz tonqalının yandırıb, məzəli hərəkətləri ilə təbirə şirinlik qatıblar.
Muzeyinin əməkdaşı Leyla Əliyeva tədbiri açıb, iştirakçıları bayram münasibətilə təbrik edib.
Səfir Faiq Quliyev çıxış edərək Novruz bayramı münasibətilə hamını təbrik edib. O, xalqımızın Novruz bayramına verdiyi böyük dəyərdən danışıb, minilliklər ərzində bu bayramı sevə-sevə yaşatdığını bildirib. Qeyd edib ki, qədim köklərə malik olan bu bayram bir çox adət və ənənələrə malikdir. Bu adət ənənələr məhv olan və canlanan təbiətlə, sehrli qüvvələrlə bağlıdır.
Diplomat bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ciddi səyləri nəticəsində Novruz bayramı UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ siyahısına daxil edilib.
Onun sözlərinə görə, Gürcüstanın bölgələrində də bayram münasibətilə şənliklər keçirilir. Bu da, Gürcüstanın qədim multikultural ənənələrinin davamı kimi xüsusi əhəmiyyət daşıyır.
F.Quliyev Gürcüstan rəsmilərinə azərbaycanlılar üçün əziz olan bayrama həsr olunan tədbirdə iştirakına görə təşəkkürünü bildirib.
Tbilisi Şəhər Şurasının sədri Giorgi Tkemaladze çıxış edərək Novruz bayramı şənliyində iştirakdan qürur duyduğunu qeyd edib.
Bildirib ki, Tbilisi tolerantlığın nümunəsidir, şəhərdə hamı dostluq və əmin-amanlıq şəraitində yaşayır. Novruz yeni gün deməkdir.
Şura sədri Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişafını qeyd edib, bu xüsusda M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyevanın rolunu yüksək qiymətləndirib. Xalqlarımız arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsindəki xidmətlərinə görə L.Əliyevaya minnətdarlıq edib.
Sonra Tbilisi şəhər merinin müavini Kaxa Guledani Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.
Bayram tədbiri rəqs nömrələri və mahnılarla davam etdirilib.
Qonaqlar Novruz şirniyyatları və çay süfrəsinə qonaq edilib.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi








Xəbərin mətnində orfoqrafik səhv var