Novruz bayramı ərəfəsində Pirallahıda 7500-dən artıq ağac əkilib
AzerTAg.az
Bakı, 18 mart, AZƏRTAC
Pirallahı rayonunda IDEA İctimai Birliyinin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində ötən ilin sentyabr ayından başlayan ağacəkmə kompaniyası mart ayının əvvəlindən etibarən yenidən davam etdirilir.
Pirallahı Rayon İcra Hakimiyyətində tərtib olunmuş qrafikə əsasən hər həftənin şənbə günləri bütün idarə və təşkilatların, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin kollektivləri onlara təhkim edilmiş sahələrdə abadlıq işləri ilə məşğul olub, ətraf ərazilərdə səliqə-sahman yaradıb, torpaqları yumşaldaraq ağac əkininə hazırlayıb, yüzlərlə çinar, şam, küknar, eləcə də ekzotik və bəzək ağacları əkiblər.
Hər gün yüzlərlə insanın iştirak etdiyi iməciliklər zamanı mart ayının 14-də və 15-də Qala-Pirallahı magistral yolunun kənarlarında ağaclar əkilib, əvvəlki illərdə əkilən yaşıllıqlara qulluq göstərilib. Martın 17-də və 18-də davam etdirilmiş ağacəkmə kompaniyasında Pirallahı MKTB-nin, Pirallahı Sukanal Departamentinin və digər idarələrin, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının, ümumtəhsil məktəblərinin, qəsəbələr üzrə nümayəndəliklərin və bələdiyyələrin kollektivləri yüksək fəallıq göstəriblər. Novruz bayramı ərəfəsində hər kəsin böyük həvəslə qatıldığı iməcilikdə ümumilikdə 7500-dən artıq ağac əkilib.
Rayon icra hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş tədbirlər planına əsasən, Pirallahı rayonunda mart-aprel aylarında 20 minə yaxın müxtəlif növ ağacların əkilməsi planlaşdırılır.


Xəbərin mətnində orfoqrafik səhv var