REGİONLAR


Novruz bayramı münasibətilə Şabranda keçirilən at yarışlarının qalibi müəyyənləşib VİDEO

Şabran, 14 mart, Elxan Yusifli, AZƏRTAC

Martın 14-də Şabranda Novruz bayramı münasibətilə təşkil olunan ənənəvi at yarışlarının qalibləri müəyyənləşib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışın final mərhələsi rayonun Rəhimli kəndində keçirilib. Finalçılar 68 kəndi və Şabran şəhərini təmsil edən iştirakçılar arasından seçilib. Bu mərhələdə birincilik uğrunda 20 çapar mübarizə aparıb.

At yarışlarının final mərhələsini şabranlılarla birgə ətraf rayonlardan və paytaxtdan gələn qonaqlar da izləyib.

Bayram tonqalı alovlandırıldıqdan sonra ötən il keçirilən yarışın qalibi Zaman Yarışov dövlət himninin sədaları altında Azərbaycan bayrağını yüksəkliyə qaldırıb.

Tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Milli Məclisin deputatı Tahir Süleymanov çıxış edərək, xalqımızın qədim adət-ənənələrinin yaşadılmasının əhəmiyyətindən danışıblar.

Bildirilib ki, gənc nəsil üçün tərbiyəvi əhəmiyyətə malik bu yarış xalqımızın qəhrəmanlığını simvolizə edir.

Altı mərhələdən ibarət yarışda Söhbətli kəndini təmsil edən Nazim Kərimov “Qaşqa” ləqəbli atı ilə qalib gəlib. Uzunboyad kənd sakini Məmmədağa Eynullayev “Vaska” ləqəbli atla ikinci, Ağalıq kəndindən olan Rəşad Ələkbərov “Xallı” ləqəbli atla yarışı üçüncü pillədə başa vurublar. Bütün iştirakçılara həvəsləndirici mükafatlar, finişə birinci çatan Nazim Kərimova isə yarışın kuboku təqdim olunub.

Mərasimdə qədim ənənələrimizi, Novruz adətlərini tərənnüm edən kompozisiyalar, milli mətbəximizin nümunələri, həmçinin yerli incəsənət nümayəndələrinin ifasında konsert proqramı nümayiş etdirilib.

Şabranda artıq 12-ci ildir Novruz bayramı ərəfəsində at yarışları təşkil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.