MƏDƏNİYYƏT


Novruz bayramında Təbriz, Məşhəd və İsfahan şəhərlərindən də Bakıya çarter reysləri təşkil olunacaq

Tehran, 16 fevral, AZƏRTAC

Bu il Novruz bayramında Tehran ilə yanaşı, Təbriz, Məşhəd və İsfahan şəhərlərindən də Bakıya çarter reysləri təşkil olunacaq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İranın “Aysan pərvaz” turizm şirkətinin baş direktoru Seyid Məhəmməd Mirrezayi deyib. O bildirib ki, ötən il şirkət 25 min nəfərin Azərbaycana səfərini təşkil edib. Qarşıdan gələn Novruz bayramında isə İrandan Azərbaycana 15 mindən çox turistin səfəri planlaşdırılıb.

Şirkət rəhbəri nəzərə çatdırıb ki, Azərbaycan İranın ən yaxın qonşusudur və dövlətlərimiz arasındakı qarşılıqlı münasibətlərin inkişafı turizmin də inkişafına təkan verir. Xalqların qohumluq əlaqəsi, eyni milli və dini dəyərlərə malik olması İran turistlərinin Azərbaycana səfərlərini şərtləndirir. Onun sözlərinə görə, indiyə kimi heç bir turist Azərbaycandan narazı qayıtmayıb.

İranlı turistlər yalnız Bakı şəhərinə səfər etməklə kifayətlənmirlər. “Aysan pərvaz” şirkətinin Bakıda “Bakı star” filialı fəaliyyət göstərir. Filial Bakıda səfərdə olan turistlərin Azərbaycanın rayonlarına səfərlərini təşkil edir. Turistlər Qəbələyə, Xınalığa, Nabrana və digər görməli və gəzməli məkanlara aparılır.

Gələcək planlarından danışan S.M.Mirrezayi Naxçıvan Muxtar Respublikasına da çarter reyslər təşkil etmək niyyətində olduqlarını bildirdi. Hazırda bu istiqamətdə iş aparılır. Eyni zamanda, Azərbaycandan İrana turist səfərlərinin təşkil edilməsi üçün də planlar mövcuddur.

Baş direktor onu da nəzərə çatdırdı ki, Bakının gözəlliyi, tarixi abidələrlə zəngin olması və insanların qonaqpərvərliyi iranlı turistlərin diqqətini daha çox cəlb edir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.