REGİONLAR
Novruz şənliyi Mingəçevir şəhərində də keçirilib
Mingəçevir, 21 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevir şəhərində Novruz bayramı təntənə ilə qeyd edilib. “Sazlı-sözlü Novruzum” adlı bayram şənliyi şəhər əhalisinin böyük sevincinə səbəb olub. Dədə Qorqud və Bahar qız tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib, xeyir-dua veriblər. Meydanda alovlandırılan tonqalın ətrafında Kosa və Keçəlin məzəli oyunları bayramı daha da rəngarəng edib.
AZƏRTAC xəbər verir ki, bayram tədbirinə qatılan şəhər rəhbərliyini Mingəçevir Turizm Kollecinin tələbələri milli şirniyyatlarla qarşılayıblar. Bayram tədbirində əllərində xonça və səməni tutmuş tələbələr qara zurnanın müşayəti ilə yallı gediblər. Bayram münasibətilə təhsil ocağının təqdim etdiyi əl işləri, rəsm əsərləri, qeyri-adi səməni kompozisiyaları, qədim məişət əşyaları və digər nümunələr böyük marağa səbəb olub.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıblar. Sonra kollecin milli geyimli və istedadlı tələbələri şeir, nəğmə və rəqsləri ilə hamıda xoş ovqat yaradıblar. Tələbə gənclərin kəndirdartma oyunu maraqla qarşılanıb.