İQTİSADİYYAT
Novruz yarmarkasında qiymətlər bazardakından xeyli ucuzdur
Bakı, 2 mart, AZƏRTAC
Martın 2-də Nizami rayonunun Naxçıvanski küçəsi, 74 ünvanında (8-ci kilometr yarmarkası) kənd təsərrüfatı məhsullarının satışı yarmarkası açılıb.
AZƏRTAC xəbər verir ki, respublikanın bir çox bölgələrindən gəlmiş fermerlər səhər saat 9-da açılan Novruz yarmarkasında alıcılara öz yetişdirdikləri məhsulları təklif edirdilər.
Məhsullar müxtəlif çeşiddə və bazar qiymətindən xeyli ucuz olduğundan müştəriləri qane edirdi. Bu baxımdan yarmarkada qələbəlik vardı.
Yarmarkada alış–veriş edən Təranə Məmmədova da məhsulların qiymətindən razı qaldığını bildirib. Nizami rayon sakini olduğunu deyən T.Məmmədova qeyd edib ki, burada alıcılara təklif edilən kənd təsərrüfatı məhsulları ekoloji cəhətdən təmiz olmaqla yanaşı, qiymətləri də çox sərfəlidir.
Kənd təsərrüfatı naziri İnam Kərimov səhər saatlarında yarmarkanı ziyarət edib, fermerlərlə görüşüb, məhsulların keyfiyyəti və qiymətləri ilə maraqlanıb.
Nazir jurnalistlərə müsahibəsində deyib: “Prezident İlham Əliyevin tapşırığı ilə Bakı şəhərində və respublikanın müxtəlif yerlərində kənd təsərrüfatı məhsullarının yarmarkası təşkil edilir. Əsas məqsəd fermerlərin istehsal etdikləri məhsulların bazara birbaşa çıxarılması, süni qiymət artımının qarşısının alınması və məhsul bolluğunun yaradılmasıdır. Novruz bayramı ərəfəsində ərzaq və kənd təsərrüfatı məhsullarına tələbat çoxalır. Hesab edirəm ki, alıcılar bu yarmarkalardan məmnun qalacaqlar”.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarka martın 16-dan 21-dək fəaliyyət göstərəcək.