ELM VƏ TƏHSİL
Novruza həsr olunmuş “Yeddi gözəl xonçası” adlı tədbir keçirilib
Bakı, 18 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecin və BDU-nun Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunan “Yeddi gözəl xonçası” adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə kollecin direktoru, BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri professor Səhər Orucova Novruzun insanlara sonsuz sevinc, xoş ovqat bəxş etdiyini deyib. Novruz bayramının dövlət səviyyəsində qeyd olunması ilə bağlı ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini vurğulayan S.Orucova Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın milli mənəvi dəyərlərimizin qorunmasına və inkişafına daim böyük önəm verdiklərini bildirib.
BDU-nun Filologiya fakültəsinin dekanı Elçin Məmmədov qədim tarixə malik ənənələrimizin yaşadılması və təbliği istiqamətində Novruz bayramının dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyətindən bəhs edib.
Sonra kollecin və universitet tələbələrinin hazırladıqları, regionlarda Novruz bayramının qeyd olunmasını əks etdirən səhnəciklər, adət-ənənələr nümayiş etdirilib. “Novruz” mahnıları ifa olunub. Eyni zamanda, tələbələrin hazırladıqları xonçalar nümayiş etdirilib, “Xonça” müsabiqəsinin qalibləri seçilib.