CƏMİYYƏT
Novxanı qəsəbəsində beynəlxalq sahilyanı təmizlik aksıyası keçirilib
Bakı, 21 sentyabr, AZƏRTAC
“Coca-Cola” şirkətinin bütün dünyada dəstəklədiyi Beynəlxalq Sahilyanı Ərazilərdə Təmizlik Günü ilə bağlı “Let’s Do It! Azerbaijan” layihəsi çərçivəsində sahilyanı təmizlik aksiyası keçirilib.
“Coca-Cola” şirkətindən AZƏRTAC-a bildirilib ki, hər ilin sentyabr ayında qeyd olunan Beynəlxalq Sahilyanı Ərazilərdə Təmizlik Günü “Coca-Cola” tərəfindən artıq 20 il dəstəklənir və yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Bu il aksiya “ASAN xidmət” nəzdində fəaliyyət göstərən “Green ASAN qrupu”, Azərbaycanın ilk mobil rabitə operatoru “Bakcell” şirkəti, “Green Baku” Ekoloji Gənclər Birliyi, “Let’s Do It Azerbaijan” proqramı (letsdoitworld.org), Binəqədi Rayon İcra Hakimiyyəti, həmçinin “Urban.az” informasiya portalı tərəfindən təşkil olunub. Aksiyanın daimi tərəfdaşları sırasında Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Olimpiya Komitəsi, “ADA” Universiteti və “Youth Inc.” gənclərin sahibkarlıq proqramı yer alır.
Tədbir paytaxt sakinlərinin böyük marağına səbəb olub. Hökumət və qeyri-hökumət təşkilatlarının, özəl şirkətlərin nümayəndələrinin iştirakı ilə keçirilən aksiyaya 450-dək könüllü qatılıb. Ötən illərdən fərqli olaraq əksər insanlar aksiyaya ailələri ilə gəliblər.
Novxanı qəsəbəsi çimərliyinin ərazisi plastik və şüşə butulkalar, konserv bankaları, həmçinin digər zibil və məişət tullantılarından təmizlənib.
Aksiya “Topla, təmizlə, fərqi gör!” şüarı altında keçirilib və bütün iştirakçılar “Coca-Cola” şirkəti tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik üçün lazımi ləvazimatlarla təmin olunublar.