CƏMİYYƏT


Novxanıda Beynəlxalq Sahilyanı Təmizlik Günü ilə əlaqədar aksiya keçirilib

Bakı, 15 sentyabr, AZƏRTAC

Sentyabrın 15-də Beynəlxalq Sahilyanı Təmizlik Günü ilə əlaqədar Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin dəstəyi ilə Xəzər dənizinin Novxanı sahilinin bir hissəsində iməcilik keçirilib.

AZƏRTAC xəbər verir ki, “Dünyamızı tək təmizləməklə deyil, həm də zibilləməməklə çirklənmədən qorumaq üçün hər kəsi bizə qoşulmağa çağırırıq” devizi ilə keçirilən iməcilikdə beş hektardan artıq sahil zolağı plastik tullantılardan təmizlənib.

İməcilik iştirakçıları sahilyanı zonada və çimərlik ətrafındakı plastik tullantı, butulka və digər məişət əşyalarını toplayaraq zibildaşıyan maşınlara yükləyiblər. Qısa müddətdə ərazidən xeyli miqdarda tullantı məhsulları təmizlənib və sahilyanı zona tamamilə səliqə-sahmana salınıb.

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas kütləvi informasiya vasitələri nümayəndələrinə müsahibəsində qeyd edib ki, mütəxəssislərin apardıqları hesablamalara görə, qitənin bir sıra ölkələrində sahilyanı ərazilərin 80-85 faizi plastik tullantılarla zibillənib və hər il təxminən 8 milyondan çox plastik məmulat dənizə atılır. Həmin tullantıların təxminən 95 faizi dənizin dibinə çökərək fauna və floraya zərər vurur. Dəniz dalğaları plastik tullantının yalnız beş faizini sahilə çıxarır. Ona görə də çimərliyin çirklənməsi hər kəsi narahat etməlidir, üstəlik yalnız onu təmizləməklə deyil, həm də zibilləməməyə və çirklənməkdən qorumaq işinə hər kəsi qoşulmağa çağırırıq”.

Nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənovun verdiyi məlumata görə, Yalamadan Astaraya qədər olan bütün Xəzəryanı ərazilərdə bərk məişət tullantılarının toplanılması və aradan qaldırılması məqsədilə keçirilən iməciliklərin böyük maarifçilik əhəmiyyəti var. Xüsusilə gənclərin belə tədbirlərdə iştirakı Xəzərə doğma gözlə baxmağa, onu çirkləndirməməyə və qorumağa xidmət edir.

Aksiyada Avropa İttifaqına üzv dövlətlərin səfirliklərinin, Avropa Yenidənqurma və İnkişaf Bankının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və ictimaiyyət nümayəndələrindən ibarət 300-dək könüllü iştirak edib. Nazirliyin təşkil etdiyi maarifləndirici aksiyalar digər Xəzərsahili zonalarda da keçirilib.

Növbəti həftələrdə dəniz sahilinin digər ərazilərində də təmizlik aksiyaları davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.