CƏMİYYƏT
Novxanıda bağ evindən oğurluq etmək istəyən şəxs cinayət başında tutulub
Bakı, 14 fevral, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin canlı qüvvə və texniki vasitələri ilə qorunan obyektlər, eləcə də xüsusi mülkiyyətlərin təhlükəsizliyi 24 saat ərzində etibarlı şəkildə təmin olunur.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bunu sübut edən növbəti hadisə Abşeron rayonu ərazisində qeydə alınıb. Novxanı qəsəbəsində Abduləli Eyvazova məxsus xüsusi texniki vasitələrlə qorunan bağ evindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “Həyəcan” siqnalı daxil olub.
Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib. Əraziyə gələn polis əməkdaşları evin giriş qapısının açıq olduğunu və bir nəfərin mənzilə daxil olmaq istədiyini görüblər. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polislərin çevikliyi sayəsində saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.
Oğurluğa cəhd göstərən şəxsin Novxanı qəsəbə sakini Tərlan Səmədov olduğu müəyyənləşib.
Faktla bağlı araşdırmalar davam etdirilir. Tərlan Səmədovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in 102 - Zəng Mərkəzinə və ya Abşeron Rayon Polis İdarəsinə müraciət edə bilərlər.
DİN-in Baş Mühafizə İdarəsi bir daha əhalini əmin edir ki, Mühafizə Polisinə etibar edərək onlarla müqavilə bağlayan istənilən şəxsin xüsusi mülkiyyəti və obyekti günün hər saatında etibarlı şəkildə qorunur.