İQTİSADİYYAT
Noyabr ayında 4200 taksi sürücüsü fərqlənmə nişanı alıb
Bakı, 5 dekabr, Elvin Camalov, AZƏRTAC
Noyabr ayında 4200 taksi sürücüsü fərqlənmə nişanı alıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev AZƏRTAC-a eksklüziv müsahibəsində deyib.
O bildirib ki, paytaxtın inzibati ərazisində minik avtomobili ilə taksi xidməti göstərmək istəyən fiziki və hüquqi şəxslər mütləq qaydada fərqlənmə nişanı almalıdır. Fərqlənmə nişanı alınması ilə bağlı sürücülərlə fərdi qaydada maarifləndirmə işləri aparılır. Onlara bu nişanın əldə edilməsinin üstünlükləri izah edilir. Bu işdə kütləvi informasiya vasitələrinin imkanlarından da geniş istifadə edilir. Görülən işlərin nəticəsidir ki, noyabr ayı üçün 4200 sürücü fərqlənmə nişanı alıb. May ayından bu günədək isə 7215 sürücü fərqlənmə nişanı almaq üçün qeydiyyatdan keçib.
Fərqlənmə nişanının alınması ilə bağlı məlumat verən M.Ağayev qeyd edib ki, fərqlənmə nişanın alınması proseduru olduqca sadədir: “Bunun üçün sürücü VÖEN açır. Bundan sonra bankda müvafiq təsnifat koduna 18 manat ödəniş edir və Bakı Nəqliyyat Agentliyinin müvafiq bölməsinə müraciət etməklə fərqlənmə nişanını əldə edə bilər. Fərqlənmə nişanı bir aylıq verilir”, - deyə M.Ağayev vurğulayıb.
M.Ağayev xatırladıb ki, fərqlənmə nişanı olmadan taksi xidməti göstərən sürücülər, həm vergi məcəlləsi, həm də inzibati xətalar məcəlləsinin müvafiq maddələri ilə cərimələnəcək.