İQTİSADİYYAT


Noyabrda Tbilisidə “Caspian Energy Forum Kvemo Kartli” keçiriləcək

Bakı, 8 oktyabr, AZƏRTAC

Noyabrda Tbilisidə “Caspian Energy Forum Kvemo Kartli” keçiriləcək.

“Caspian European Club”dan AZƏRTAC-a bildirilib ki, Kvemo Kartli regionunun Qubernatoru Şota Rexviaşvilinin “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevlə görüşünün əsas mövzusu Tbilisidə “Caspian Energy Forum Kvemo Kartli”nin təşkili olub.

“Biz “Caspian European Club”un üzv şirkətləri ilə Kvemo Kartli regionu arasında sıx əlaqələrin qurulması ideyasını dəstəkləyir və bu məsələdə hərtərəfli kömək göstərməyə hazırıq”, - deyə Ş.Rexviaşvili söyləyib.

Qubernatorun sözlərinə görə, “Caspian Energy Forum Kvemo Kartli” sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən çox şirkəti birləşdirən “Caspian European Club” ilə Kvemo Kartli regionu arasında uzunmüddətli, ikitərəfli, qarşılıqlı səmərəli və məhsuldar əməkdaşlığın əsasını qoyacaq.

İkigünlük “Caspian Energy Forum Kvemo Kartli”nin əsas mövzularından biri bu regionda kənd təsərrüfatı və turizmin fəal inkişafı olacaq. Birinci gün Gürcüstan hökumətinin üzvlərinin və biznesmenlərinin iştirakı ilə plenar sessiyalar keçiriləcək. İkinci gün sahibkarları regionun investisiya imkanları və fəaliyyətdə olan müəssisələrlə tanış etmək məqsədilə Kvemo Kartli regionu üzrə tur təşkil olunacaq.

Foruma hazırlıq çərçivəsində, həmçinin Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Genadi Arveladze, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin nəzdində Milli Turizm Administrasiyasının rəhbəri Giorgi Çokovadze, eləcə də Gürcüstanın ətraf mühit və kənd təsərrüfatı nazirinin iki müavini – Georgi Xanişvili və Nino Tandilaşvili ilə konsultasiya təşkil olunacaq.

T.Əliyevin sözlərinə görə, “Caspian European Club”un üzv şirkətləri Gürcüstana, xüsusilə də Kvemo Kartli regionuna böyük maraq göstərirlər: “Biz özəl investorları Kvemo Kartli regionunun kənd təsərrüfatı və turizm sektoruna cəlb etmək üçün səylərimizi əsirgəməməyə çalışırıq”.

Görüş çərçivəsində “Caspian European Club”, “Caspian American Club”, “Caspian Asian Club” və “Caspian Energy International Media Group”un maraqlarını təmsil edən “Caspian Ernergy Georgia LLC” şirkətinin fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.