CƏMİYYƏT
Noyabrda milli parklarda müxtəlif yaş qruplarını əhatə edən maraqlı tədbirlər keçiriləcək
Bakı, 1 noyabr, AZƏRTAC
Azərbaycanın milli parklarında noyabr ayında müxtəlif yaş qruplarını əhatə edən maraqlı və rəngarəng tədbirlər keçiriləcək. Qaçış, veloyürüş, atla yürüş, piyada yürüş, həvəskar balıq ovu turniri və macəra turizmi kimi tədbirlərin keçirilməsində məqsəd milli parklarda ekoturizm potensialının təbliği və milli parklara turistlərin marağının artırılmasıdır.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.
Mətbuat katibi bildirib ki, təbiətin füsunkar gözəlliklərindən həzz almaq istəyənlər milli parklara səyahət edə və təşkil olunacaq tədbirlərə qoşula bilərlər.
Noyabrda milli parklarda təşkil olunacaq tədbirlər:
3 noyabr, saat 8:00 – Şirvan milli parkı – həvəskar balıq ovu turniri;
5 noyabr, saat 9:00 – Samur-Yalama milli parkı – milli parkın yaradılması günü ilə əlaqədar “açıq qapı” günü;
9 noyabr, saat 10:00 – Abşeron milli parkı – qaçış marafonu;
11 noyabr, saat 11:00 – Hirkan milli parkı – veloyürüş;
14 noyabr, saat 11:00 – Göygöl milli parkı – macəra turizmi;
17 noyabr, saat 10:00 – Şirvan milli parkı – quşların müşahidəsi və ornitoloji seminar;
19 noyabr, saat 10:00 – Ağgöl milli parkı – həvəskar balıq ovu turniri;
21 noyabr, saat 10:00 – Şahdağ milli parkı (İsmayıllı bölməsi) – atla yürüş;
23 noyabr, saat 10:00 – Altıağac milli parkı – piyada yürüş marafonu;
27 noyabr, saat 10:00 – Qızılağac milli parkı – həvəskar balıq ovu turniri;
29 noyabr, saat 10:00 – Şahdağ milli parkı (Şabran bölməsi) – ümumdünya təbiəti mühafizə cəmiyyətinin yaranması ilə əlaqədar seminar.
İştirak etmək istəyənlər Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşı Aytac Tağıyeva ilə (012) 566-26-10 əlaqə saxlaya bilərlər.