CƏMİYYƏT


Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür

Bakı, 12 noyabr, AZƏRTAC

Hər il noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günü kimi qeyd edilir.

AZƏRTAC xəbər verir ki, həmin gün Uşaq Pnevmoniyasına qarşı Qlobal Koalisiyanın təşəbbüsü ilə təqvimə salınıb. Koalisiya beynəlxalq, hökumət, qeyri-hökumət və yerli təşkilatları, elmi-tədqiqat və tədris institutlarını, fondları və fəalları öz ətrafında birləşdirir və pnevmoniyanın probleminə dövlət xadimlərinin, səhiyyənin və potensial donorların, mütəxəssislərin diqqətini cəlb etməyə çalışır.

Pnevmoniya ağciyərlərin yoluxucu xəstəliyidir, əsasən hava-damcı yolu ilə ötürülür. Müxtəlif növ viruslar, bakteriyalar və göbələklər sətəlcəmin törədicisi ola bilər. Xəstəliyin simptomatikası onu doğuran səbəblərdən, pasiyentin yaşından və sağlamlıq vəziyyətindən asılıdır. Ağciyər pnevmoniyası qripəbənzər əlamətlərlə kəskin respirator xəstəlikləri və kəskin respirator virus infeksiyaları fonunda inkişaf edir. Həkim məsləhəti olmadan temperaturu aşağı salan preparatlar qəbul etdikdə sətəlcəmin yaranma və ya ağırlaşma riski artır, infeksiyanın tənəffüs yolları ilə aşağı yayılmasına və ağciyərdə infeksiya mənbələrinin yaranmasına səbəb olur. Pnevmoniyanın profilaktikası düzgün diaqnozun vaxtında qoyulmasıdır.

Pnevmoniyadan, ilk növbədə, uşaqlar əziyyət çəkirlər. Dünyada həddi-buluğa çatmamışların ölüm faizinin əsas səbəbi pnevmoniyadır və o, hər il beş yaşınadək olan 1,1 milyona yaxın uşağın həyatına son qoyur. Bu, QİÇS, malyariya və qızılcadan ölənlərin birgə statistik göstəricisindən daha çoxdur.

2009-cu ildə Dünya Səhiyyə Təşkilatı UNİSEF-lə birgə “Pnevmoniyanın profilaktikası və xəstəliyə qarşı qlobal fəaliyyət planı”nı elan edib. Həmin planın məqsədi uşaqların müdafiəsi üzrə kombinə edilmiş tədbirlərlə sətəlcəmlə mübarizəni, xəstəliyin profilaktika və müalicəsinin təkmilləşdirilməsidir.

Ölkəmizdə yoluxucu xəstəliklərə qarşı mübarizə dövlət siyasətinin sosialyönümlü prioritet istiqamətlərindən biridir. Nazirlər Kabinetinin təsdiqlədiyi “2016-2020-ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlər proqramı” uşaqlar arasında xəstəliyin azaldılmasına yönələn mühüm sənəddir. İndi Avropanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da 11 yoluxucu xəstəlik – qızılca, məxmərək, parotit, difteriya, göy öskürək, tetanus və başqa xəstəliklər əleyhinə planlaşdırılmış şəkildə aparılan peyvəndləşdirmə tədbirləri ölkənin bütün uşaqlarını əhatə edir. Aparılan tədbirlər nəticəsində, həmçinin immunlaşdırma işlərinin daim təkmilləşdirilməsi və immunoprofilaktika sayəsində infeksion xəstəliklərə tutulma hallarının azaldılması istiqamətində sabit dinamika əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.