CƏMİYYƏT


Noyabrın 12-si Ümumdünya Sətəlcəmə qarşı Mübarizə Günüdür

Bakı, 12 noyabr, AZƏRTAC

Noyabrın 12-si Ümumdünya Sətəlcəmə qarşı Mübarizə Günüdür.

AZƏRTAC xəbər verir ki, bu beynəlxalq gün tibbi təqvimə uşaq sətəlcəminə qarşı Qlobal koalisiyanın təşəbbüsü ilə salınıb.

Sətəlcəm kəskin infeksiya xəstəliklərinə aid edilir. Orqanizm infeksiyaya ən çox hava-damcı yolu ilə yoluxur. Müxtəlif növ viruslar, bakteriyalar və göbələklər pnevmoniyanın törədiciləri ola bilər. Xəstəliyin əlamətləri onu doğuran səbəblərdən, pasiyentin yaşından və sağlamlıq durumundan asılıdır. Xəstəlik kəskin keçir və ya aldadıcı formada inkişaf edir. Onun ağciyərdə ağırlaşması daha çox yaşlı adamlarda və immuniteti zəif uşaqlarda müşahidə edilir. Ağciyər sətəlcəmi qripəbənzər əlamətlərlə kəskin respirator virus infeksiyaları fonunda inkişaf edir. “Özünümüalicə” zamanı temperaturu aşağı salan preparatlar qəbul edərkən sətəlcəmin yaranma riski və digər ağırlaşmalar artır. Bu, infeksiyanın tənəffüs yolları ilə aşağı yayılmasına və ağciyərlərdə infeksiya mənbələrinin yaranmasına səbəb olur.

Sətəlcəm bütün dünyada yetkinlik yaşına çatmayanlar arasında ölümün başlıca səbəbidir, ilk növbədə, məhz uşaqlar bu xəstəlikdən əziyyət çəkirlər. Hər il bu xəstəlik beş yaşadək 1,1 milyon uşağın həyatına son qoyur. Bu, QİÇS, malyariya və qızılcadan ölənlərin birgə statistik göstəricisindən çoxdur. Sətəlcəm hər yerdə yayılsa da, ondan daha çox Cənubi Asiya və Afrika ölkələrindəki uşaqlar əziyyət çəkirlər.

2009-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı UNICEF-lə birgə “Pnevmoniyanın profilaktikası və xəstəliyə qarşı qlobal fəaliyyət planı”nı elan edib. Həmin planın məqsədi uşaqların müdafiəsi üzrə kombinə edilmiş tədbirlərlə sətəlcəmlə mübarizəni, xəstəliyin profilaktika və müalicəsini fəallaşdırmaqdır. Ümumdünya Sətəlcəmə qarşı Mübarizə Gününün rəmzi sayılan mavi rəng səmanın, təmizliyin və xəstələnmə hallarının ümumi səylər nəticəsində minimuma endiriləcəyinə bəslənilən ümidin rəngidir.

Azərbaycanda yoluxucu xəstəliklərə qarşı mübarizə dövlət siyasətinin sosialyönümlü prioritet istiqamətlərindən biridir. Ölkə rəhbərliyinin bilavasitə dəstəyi ilə bu sahədə mühüm tədbirlər həyata keçirilib. Belə ki, Nazirlər Kabinetinin təsdiqlədiyi “2016-2020-ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlər proqramı” uşaqlar arasında xəstəliyin azaldılmasına yönələn mühüm sənəddir. İndi Avropanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da 11 yoluxucu xəstəlik – qızılca, məxmərək, parotit, difteriya, göyöskürək, tetanus və başqa xəstəliklər əleyhinə planlaşdırılmış şəkildə aparılan peyvəndləşdirmə tədbirləri ölkədə bütün uşaqları əhatə edir. Həmin tədbirlər nəticəsində, həmçinin immunlaşdırma işlərinin daim təkmilləşdirilməsi və immunoprofilaktika sayəsində infeksion xəstəliklərə tutulma hallarının azaldılması istiqamətində sabit dinamika əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.