CƏMİYYƏT


Noyabrın 13-ü Beynəlxalq Gözdən Əlillər Günüdür

Bakı, 13 noyabr, AZƏRTAC

Beynəlxalq Gözdən Əlillər Gününün qeyd olunması ətrafımızda bizdən fərqli insanların olduğunu bir daha xatırlamağa imkan verir.

AZƏRTAC xəbər verir ki, bu günün noyabrın 13-də qeyd olunması ilk tiflopedaqoqlardan biri, görməyənlər üçün relyefli əlifbanın müəllifi, gözdən əlillər üçün ilk təhsil müəssisələrinin yaradıcısı, məşhur fransalı xeyriyyəçi Valentin Qayuinin doğum günü ilə əlaqədardır. O, 1745-ci ildə Fransanın Amyen şəhəri yaxınlığındakı Sen-Jüst kəndində, kasıb toxucu ailəsində anadan olub. Ümumdünya Səhiyyə Təşkilatını onun doğum tarixini Beynəlxalq Gözdən Əlillər Günü elan edib.

XVIII əsrə qədər dünyada korlar üçün təhsil müəssisəsi yox idi. Valentin Qayui ilk dəfə Fransada gözü dünya işığından məhrum olanların təhsili üçün xüsusi üsul yaradıb. O, 1784-cü ildə dünyada ilk dəfə Parisdə hökumətin və xeyriyyə cəmiyyətlərinin köməyi olmadan öz evində şəxsi vəsaiti hesabına kor uşaqlar üçün "işləyən korların emalatxanası"nı açıb. İlk dəfə həmin məktəbə kimsəsiz uşaqlar qəbul edilib.

Valentin Qayui kor uşaqlarının təlim və tərbiyəsinə elmi cəhətdən yanaşıb. Onun işləyib hazırladığı "unsial" adlanan xüsusi qabarıq şriftin köməyi ilə kor uşaqlara oxumaq öyrətmək və onlar üçün kitablar çap etmək mümkün olub. Kor uşaqlar həmin şriftlərlə mətn yığmaq bacarığına yiyələniblər. Bundan başqa, Valentin Qayui gözdən əlillər üçün cihazlar, qabarıq aşkar dərsliklərin, coğrafiya xəritələri və qlobusların istehsalı üçün matrislər qurub. Gözdən əlillər üçün kitabların yaradılması ideyası da ona məxsusdur.

Özünün ciddi maddi çətinlik çəkməsinə baxmayaraq, Valentin Qayui mətbəə yaradaraq qabarıq-xətti şriftlə korlar üçün ilk kitablar çap edib. 1829-cu ildə isə Paris Milli İnstitutunun şagirdi Lui Brayl kor uşaqlar üçün nöqtə-relyef şriftinin universal sistemini hazırlayıb və həmin sistem bütün dünyada yayılıb.

2007-ci il dekabrın 9-da BMT-nin inkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında görmək qabiliyyətini itirənlər və zəif görənlər üçün informasiya-rabitə texnologiyalarına çıxışı təmin edən razılaşma sənədi imzalanıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada təxminən 2,2 milyard bu və ya digər formada görmə məhdudiyyətli insan var, onlardan 36 milyonu görmə qabiliyyətini tam itirib. Ötənilki statistikaya görə, Azərbaycanda 650 min əlilin 50 min nəfərini korlar və zəif görənlər təşkil edir və onların 12-13 mini 18 yaşınadək olan uşaqlardır. Ölkəmizdə görmə qabiliyyəti məhdud olanların həyat və məişət şəraitinin yaxşılaşdırılması üçün hər il bir sıra layihələr həyata keçirilir, zəruri tədbirlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.