CƏMİYYƏT
Noyabrın 21-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir
Bakı, 20 noyabr, AZƏRTAC
Azərbaycanda noyabrın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 770 millimetr civə sütunundan 775 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 21-22-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi və rütubətli hava şəraiti fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişsizdir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 6-11° isti olacağı proqnozlaşdırılır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı ehtimal edilir.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-11° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 7-12° isti olacağı ehtimalı var.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimal edilir. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək, arabir sürətlənəcək. Havanın temperaturunun gecə 5-7°, gündüz 8-11° isti, dağlarda gecə 0-3°, gündüz 5-8° isti olacağı gözlənilir.