REGİONLAR
Noyabrın 21-dək ölkə üzrə 72 min 465 ton pambıq tədarük olunub
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 21-dək ölkə üzrə pambıq tədarükü 72 min 465,8 ton təşkil edib. Bu isə 2015-ci il noyabrın 23-dək olan göstərici ilə müqayisədə 2,2 dəfə çoxdur (33 min 178 ton).
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, pambıq tədarükünə görə Saatlı rayonu öndə gedir. Rayonun fermerləri tarlalardan 10323,5 ton “ağ qızıl” yığıblar. Biləsuvarda 8272,5 ton, İmişlidə 8054,5 ton, Ağcabədidə 7244,2 ton, Sabirabadda 6510,9 ton pambıq tədarük olunub.
Komitənin məlumatına görə, ölkə üzrə cari ildə 52057,7 hektar ərazidə çiyid səpini həyata keçirilib. Bu isə ötən ilə nisbətən 2,8 dəfə çoxdur (2015-ci ildə 18684 hektar). 2016-cı ildə ən çox pambıq Saatlıda əkilib (8109 hektar). Sonrakı yerlərdə Sabirabad (6113 hektar), Biləsuvar (6040 hektar), İmişli (5051 hektar) və Beyləqan rayonları (3958 hektar) gəlir.