CƏMİYYƏT
Noyabrın 7-də “YAŞAT” Xeyriyyə Marafonuna start verilir VİDEO
Bakı, 20 oktyabr, AZƏRTAC
“YAŞAT” Fondunun və İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə təşkilatçılığı ilə “YAŞAT” Xeyriyyə Marafonuna start verilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, marafon noyabrın 7-də saat 12:00-dan 18:00-dək olacaq.
Marafonla bağlı hazırlanan videoçarxda deyilir: “Vətən müharibəsində hərə ordumuza bir cür dəstək olurdu. Kimisi bağından yığdığı bir yeşik meyvə ilə, kimisi bişirdiyi yeməklərlə, bəziləri su aparır, bəziləri isə qan vermək üçün növbəsini gözləyirdi. Öz təqaüdünü orduya bağışlayan ağsaqqal da yadımızdadır, toz-torpaqlı təbəssümünü bütün dünya görən gəncəli balası da.
İllər keçəcək Qarabağın əvvəlkindən də yaxşı günləri qayıdacaq. Amma o 44 gün ərzində bizi müzəffər edən heç bir kəs heç vaxt unudulmayacaq. Eşq olsun Azərbaycan əsgərinə!. Eşq olsun qalib Azərbaycan xalqına!. Qələbəni bizə yaşadanları birliyimiz yaşadacaq.
“YAŞAT” Fondu, İctimai Televiziya və Radio Yayımları Şirkəti noyabrın 7-də böyük xeyriyyə marafonuna start verir. Siz də qoşulun. Yaşat, Azərbaycan!”