İQTİSADİYYAT
Noyabrın ilk hərracına 79 dövlət əmlakı çıxarılıb
Bakı, 8 oktyabr, AZƏRTAC
Bu ilin noyabr ayının 6-da Əmlak Məsələləri Dövlət Komitəsinin növbəti hərracı keçiriləcək.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu dəfə prosesə ümumilikdə 79 dövlət əmlakı çıxarılıb. Onlardan 17-si səhmdar cəmiyyəti, 33-ü kiçik dövlət müəssisə və obyekti, 23-ü qeyri-yaşayış sahələri, 6-sı nəqliyyat vasitəsidir.
Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri respublikanın müxtəlif şəhər və rayonlarında yerləşir. İnvestorlar kənd təsərrüfatı, təmir-tikinti, sənaye və digər sahələrə aid olan bu səhmdar cəmiyyətlərinin 30-45 faizlik səhm paketləri üzrə hərracda iştirak edə bilər.
Məlumata əsasən, ümumi faydalı sahəsi 12 kvadratmetr ilə 11 min 266 kvadratmetr aralığında olan kiçik dövlət müəssisə və obyektləri sərmayəçilər üçün yaxşı gəlir mənbəyidir. Onlardan biri Şəki rayonu, Şorsu kəndindəki əmlak kompleksidir. Geniş torpaq ərazisi ilə birgə özəlləşdiriləcək obyektin ümumi faydalı sahəsi 2 min 889 kvadratmetrdir. Biznes fəaliyyəti üçün əlverişli ola biləcək digər dövlət müəssisəsi Oğuz rayonu, Kərimli kəndində yerləşir. Bu anbar kompleksinin ümumi faydalı sahəsi 3 min 101 kvadratmetrdir.
Hərraca çıxarılan qeyri-yaşayış sahələrindən 12-si Bakıda, 4-ü Sumqayıtda, digərləri isə Gəncə, Ağdaş və Daşkəsəndə yerləşir. Bu kateqoriyadan olan dövlət əmlaklarının ümumi faydalı sahəsi 5,8 kvadratmetr ilə 287,9 kvadratmetr intervalındadır. Sumqayıt şəhəri, 18-ci mikrorayon,
bina 1 ünvanındakı qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 29,3 kvadratmetrdir. Bu dövlət əmlakından ictimai iaşə və ya ofis obyekti kimi istifadə etmək olar. Özəlləşməyə çıxarılan “Qaz”, “Kamaz” və “Fiat” markalarına aid nəqliyyat vasitələrinin buraxılış tarixləri 1995-2007-ci illərdir.
Prosesdə iştirak etmək istəyən şəxslər komitənin saytı (emdk.gov.az) və Özəlləşdirmə portalındakı (privatization.az) siyahıdan seçim edərək dövlət əmlaklarını sifariş verə bilər. Şəffaflığın təmin olunduğu hərraclarda təyin olunan vaxtda sifarişçilərlə bərabər, ziyarətçilərin də iştirak imkanı mövcuddur.
Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən oktyabrın 9-da növbəti hərrac keçiriləcək. Budəfəki hərraca ümumilikdə 67 dövlət əmlakı çıxarılıb. Onlardan 17-si səhmdar cəmiyyəti, 33-ü kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri-yaşayış sahəsidir. Komitə investorları, mülkiyyət sahibi olmaq istəyən bütün şəxsləri, eləcə də ziyarətçiləri hərraclarda iştirak etməyə və prosesi izləməyə dəvət edir.
Əmlak Məsələləri Dövlət Komitəsinin özəlləşdirilmə üzrə keçirdiyi hərraclarda hər kəs rahatlıqla əmlak sahibi ola bilər. İstənilən vətəndaşın olduğu məkandan hərraca onlayn qoşulmaq imkanı operativliyi təmin edərək özəlləşdirməni sürətləndirir. Müxtəlif çeşidli dövlət əmlaklarının qiymət, ərazi və faydalılıq baxımından cəlbediciliyi vətəndaşların prosesdə iştirak marağını artırır. Bunun nəticəsində də hərraclarda rəqabət müşahidə olunur və özəl sektorda yeni müəssisələrin sayı artır.