İQTİSADİYYAT


Nüfuzlu “Springer International Publishing” nəşriyyatı MİDA-nın uğurlu fəaliyyətindən yazıb

Bakı, 22 yanvar, AZƏRTAC 

Prezident İlham Əliyevin uğurlu sosial siyasətində ilk növbədə problemləri yaradan səbəbləri aradan qaldırmaq üçün tədbirlər həyata keçirilir, müvafiq dövlət proqramları qəbul olunur. Problemlərə bu cür kompleks yanaşma, onları doğuran səbəblərin aradan qaldırılması mümkün neqativ nəticələrin baş verməsinin də qarşısını alır. Dövlət başçısının sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır. Ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələri, əldə olunan iqtisadi dividentlər ilk növbədə əhalinin güzəranının yüksəldilməsinə yönəldilir. Sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq həyata keçirilən mühüm proqramlar da ildən-ilə genişlənir. Şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə dövlət başçısının xüsusi qayğısı nəticəsində mənzillər təqdim edilir. Ölkə başçısının bütün fəaliyyəti və verdiyi qərarlar Azərbaycanda əhalinin sosial rifahının güclənməsinə hesablanıb və xalqın güzəranının yaxşılaşdırılması üçün bütün imkanlardan yüksək səviyyədə istifadə edilir. Bu isə, ölkəmizdəki sağlam yaşam mühiti, təhlükəsiz həyat şəraiti, birmənalı olaraq, dövlətimizin başçısının apardığı və qarşıya qoyduğu məqsədyönlü, qabaqcıl siyasətinin nəticəsidir.

AZƏRTAC xəbər verir ki, bu uğurlu siyasətin bariz nümunəsi kimi Azərbaycanın təcrübəsi ötən ilin dekabrında nüfuzlu “Springer International Publishing” nəşriyyatı tərəfindən nəşr olunan “İslam Dünyasında Sosial Siyasət” (Social Policy in the Islamic World) adlı kitabda ayrıca olaraq təqdim olunub. 339 səhifəlik bu tədqiqat işi islam dünyasında sosial siyasəti təhlil edən ilk və hələlik yeganə fundamental elmi əsərdir. Kitab Ali Akbar Tajmazinani ilə birlikdə sözügedən nəşriyyatın ekspertləri tərəfindən redaktə edilib. Kitabı “Amazon”, “Palgrave” və digər şəbəkələr vasitəsilə sifariş etmək mümkündür.

Nəşrdə 8 ölkənin, o cümlədən Azərbaycanın təcrübəsi ayrıca olaraq təqdim olunub. Tədqiqatçıların hazırladığı bölmədə Azərbaycanda həyata keçirilən sosial paketlərin və sosial təminat sisteminin genişləndirilməsinin elmi təhlili verilib. 2019-cu ildə 3 milyondan çox vətəndaşımızı əhatə edən sosial paket kitabda sosial təminatın daha da gücləndirilməsi mexanizmi kimi təqdim olunub.

Kitabda Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən həyata keçirilən münasib qiymətə mənzil təminatı proqramına da yer verilib. Vətəndaşların mənzil təminatına əlçatanlığının gücləndirilməsi baxımdan təqdim edilən proqram çərçivəsində görülən işlər təsvir edilib. Kitabda aztəminatlı ailələrin mənzillərə əlçatanlığının genişləndirilməsi baxımdan MİDA-nın fəaliyyətinin çox uğurlu olduğu qeyd edilib.

Kitabın dünyanın əksər aparıcı universitetlərinin kitabxanalarında olacağını, məşhur qlobal şəbəkələr vasitəsilə satıldığını, eyni zamanda, qlobal tədqiqatçılar, dövlət siyasətlərini hazırlayanlar və digər kateqoriyadan olan insanlar tərəfindən geniş istifadə olunacağını nəzərə aldıqda MİDA-nın fəaliyyətinin xüsusi qeyd olunması Azərbaycanda reallaşdırılan uyğun qiymətə mənzil təminatı layihəsinin islam ölkələri üçün bir model kimi təqdim olunması ölkə başçısının rəhbərliyi ilə əldə edilmiş uğurların qlobal təqdimatı baxımından vacibdir.

Xatırladaq ki, Mənzil İnşaatı Dövlət Agentliyi Prezident İlham Əliyevin Fərmanı ilə 2016-cı ildə yaradılıb. Agentliyin əsas məqsədi Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə (uyğun qiymətə mənzil təminatına) şərait yaratmaq üçün onun sərəncamına verilmiş torpaq sahələrində müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən yaşayış binalarının və digər tikinti obyektlərinin tikintisini təşkil etmək, habelə həmin torpaq sahələrində ərazi planlaşdırılması, layihələndirmə və memarlıq sahələrində siyasətin həyata keçirilməsində iştirak etmək və fəaliyyəti əlaqələndirməkdir.

Məlumat üçün qeyd edək ki, MİDA-nın ilk layihələri olan Yasamal Yaşayış Kompleksi və Hövsan Yaşayış Kompleksinin icrası tamamlanıb, növbəti 3 layihəsi üzrə tikinti işləri isə davam etdirilməkdədir. İcrası tamamlanmış hər iki yaşayış kompleksinin təməlqoyma və açılış mərasimlərində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Yasamal Yaşayış Kompleksi və Hövsan Yaşayış Kompleksində ümumilikdə 4805 mənzil, 2 orta təhsil məktəbi, 3 uşaq bağçası, 1 tibb mərkəzi inşa olunub. Yasamal Yaşayış Kompleksində yerləşən 1643 mənzilin satışı 2020-ci ilin əvvəlində başa çatdırılıb, Hövsan Yaşayış Kompleksində yerləşən mənzillərin isə 1600-dən çoxu 2020-ci ildə rəsmiləşdirilib.

Bununla yanaşı, Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə şərait yaradılmasına dair ölkə başçısının tapşırıqlarına uyğun olaraq MİDA tərəfindən Yasamal rayonunda 15,4 hektar ərazidə 2202 mənzilin, cəmi 350 yerlik üç uşaq bağçasının, 1200 şagird yerlik orta təhsil məktəbinin, Gəncə şəhərində 6,23 hektar ərazidə 986 mənzilin, 125 yerlik uşaq bağçasının, 1176 yerlik orta təhsil məktəbinin, Sumqayıt şəhərində 0,75 hektar ərazidə 144 mənzilin tikintisi həyata keçirilir. MİDA-nın sərəncamında olan mənzillərin əldə olunması üçün vətəndaşların müraciəti və mənzillərin seçimi “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

MİDA-nın növbəti layihəsi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 hektar ərazidə reallaşdırılacaq. Eyni zamanda, regionlarda yaşayan vətəndaşların mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə MİDA tərəfindən davamlı olaraq ölkənin digər şəhər və rayonlarında da torpaq sahələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Vətəndaşlara güzəştli şərtlərlə təklif edilən bütün mənzillər tam təmirli olur, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilir.

Mənzillərin əldə edilməsi əsasən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun müddəti 30 ilədək olan uzunmüddətli güzəştli ipoteka krediti hesabına illik 4 faizlə mümkündür. Minimal ilkin ödəniş məbləği isə mənzilin satış qiymətinin 10 faizini təşkil etməlidir.

Qeyd edək ki, MİDA-nın layihələrində yaşayış binalarının tikintisi ilə yanaşı, insanların rahat yaşayışı üçün geniş həyətlər, yaşıllıq zonaları, uşaq-oyun meydançaları da istifadəyə verilir. Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilir və inşa olunur. Layihələndirmə zamanı ərazilərin yaşıllaşdırılması və abadlaşdırılmasına xüsusi diqqət yetirilir. Komplekslərin ərazisində müasir şəhərsalma prinsiplərinə uyğun olaraq nəqliyyat infrastrukturu yaradılır, piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz və təhlükəsiz hərəkəti təmin edilir. Bütün yol kəsişmələrində əlilliyi olan şəxslər üçün panduslar quraşdırılır, velosiped yolları çəkilir. Sakinlərin avtomobillərinin saxlanması üçün parklanma yerləri də ayrılır.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edilən tədbirlər planına uyğun olaraq MİDA dövlət-özəl tərəfdaşlığı layihələrini də həyata keçirir. Ümumilikdə bu günədək dövlət-özəl tərəfdaşlığı çərçivəsində MİDA-nın həyata keçirdiyi layihələrə çoxmənzilli yaşayış binalarının tikintisi, telefon, televiziya və internet xətlərinin çəkilməsi və sakinlərə müvafiq xidmətlərin göstərilməsi üzrə 80 milyon manatadək özəl investisiya cəlb edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.