ELM VƏ TƏHSİL
Nüfuzlu investorlar təcrübələrini UNEC startapçıları ilə bölüşüblər
Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov, tanınmış investor Elşad Abbasov, “Khazar Ventures” və “SUP Accelerator”un həmtəsisçisi Məmməd Kərim və UNEC-in gənc müəllimi, Masaçusets Texnologiya İnstitutunun (MİT) məzunu Ramil Məhərrəmov İnnovativ Biznes İnkubatorda startapçılarla görüşüblər.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Prezidenti İlham Əliyevin qeyri-neft ixracının stimullaşdırılması, bu sahədə mütəxəssislərin hazırlanmasını prioritet məsələ kimi qarşıya qoyduğunu bildirən Ə.Muradov universitetin dövlət strategiyasına dəstəyini nümayiş etdirmək məqsədilə tədbirlər planı hazırlandığını diqqətə çatdırıb. Qeyd edilib ki, UNEC startapçılarından istəyimiz qeyri-neft sektorunun inkişafına təkan verən layihələr görməkdir. Rektor bildirib ki, İnnovativ Biznes İnkubator nəzəri biliyi praktik biliyə çevirən məkan olmalıdır.
Daha sonra investorlar təcrübələrini bölüşüb, tövsiyələrini veriblər.
UNEC-in İnnovativ Biznes İnkubator layihəsini müsbət dəyərləndirən E.Abbasov ideyanın startapa çevrilməsi yollarından danışıb.
“Khazar Ventures” və “SUP Acceleratorun” həmtəsisçisi M.Kərim qeyd edib ki, investor universitetdən bacarıqlı kadrlar və maraqlı təşəbbüslər gözləyir. Hesab edirəm ki, ölkədə ilk dəfə UNEC-də yaradılan İnnovativ Biznes İnkubator gələcəyin ölkə iqtisadiyyatına fayda verəcək investorlarını yetişdirəcək. M.Kərim tələbələrə bu layihələrə təkcə məşğuliyyət kimi yanaşmamağı, iş həyatı ilə yaxından tanış olmağı tövsiyə edib.
Sonda suallar cavablandırılıb.