REGİONLAR


“Nuh diyarı – Naxçıvan” infoturu başa çatıb

Naxçıvan, 25 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının turizm potensialının təbliği məqsədilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin təşkilatçılığı ilə iyunun 21-dən 24-dək davam edən “Nuh diyarı – Naxçıvan” adlı infotur uğurla başa çatıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bununla əlaqədar infotur iştirakçıları üçün “Duzdağ” otelində qala gecəsi keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov bildiriblər ki, ölkəmizdə, o cümlədən muxtar respublikada həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət, aparılan möhtəşəm quruculuq işləri nəticəsində turizmin inkişafı üçün münbit şərait yaradılıb. Son illərdə qədim və müasir Naxçıvanın turizm potensialından səmərəli istifadə olunması, mövcud tələblərə cavab verən turizm infrastrukturunun formalaşdırılması sahəsində mühüm uğurlar əldə edilib, bu sektorun inkişafı istiqamətində kompleks tədbirlər reallaşdırılıb.

Vurğulanıb ki, Naxçıvan həm daxili turizm bazarında, həm də regional və qlobal səviyyədə ilbəil öz rəqabətqabiliyyətliliyini artırır. Burada ənənəvi turizm məhsulları ilə yanaşı, yeniliklər də təklif edilir, xidmət səviyyəsi artırılır, kadrların peşəkarlıq səviyyəsinin artırılması istiqamətində işlər görülür. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin birgə fəaliyyətinin nəticəsi olaraq Naxçıvanın turizm potensialı son illərdə beynəlxalq tədbirlərdə sərgilənir, nümayiş etdirilir, Naxçıvan turizminə xüsusi marketinq dəstəyi göstərilir və bunlar öz səmərəsini verir. Muxtar respublikada turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlər, yaradılan şərait qədim diyarın turizm potensialının inkişafı üçün bundan sonra da geniş üfüqlər açacaq.

Tədbir Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı tərəfindən hazırlanan konsert proqramı ilə davam edib. Rəngarəng rəqs və musiqi nömrələri infotur iştirakçılarında xoş təəssürat yaradıb. Sonda qonaqlara hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.