CƏMİYYƏT
Nukusda Priaralyedə ekoloji innovasiyaların və texnologiyaların tətbiqi məsələləri müzakirə olunacaq
Bakı, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 25-də Özbəkistanın Nukus şəhərində BMT-nin himayədarlığı ilə “Priaralye – ekoloji innovasiyalar və texnologiyalar zonası” adlı yüksəksəviyyəli beynəlxalq konfrans keçiriləcək. Konfrans investisiyaların cəlb edilməsinə və region əhalisinin həyat tərzinin, Priaralye zonasında ətraf mühitin yaxşılaşdırılmasına yönələn yeni, innovasiyalı və müasir texnoloji həllərin həyata keçməsində regional əməkdaşlığın gücləndirilməsinə yeni təkan verəcək.
Priaralye regionunun ekoloji innovasiyalar və texnologiyalar zonasına çevrilməsi ideyası ilk dəfə 2018-ci il avqustun 24-də Aralın Xilası Beynəlxalq Fondunun Türkmənbaşı şəhərində keçirilən sammitində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən səsləndirilib.
Tədbir əsasən ekoloji təmiz texnologiyaların işlənməsi və tətbiqinə xarici investisiyaların cəlb edilməsi üçün şəraitin formalaşdırılması üzrə tədbirlərin hazırlanması; “yaşıl” iqtisadiyyat prinsiplərinin, ekoloji təmiz, enerji və suya qənaət edən texnologiyaların kompleks tətbiqi; suya qənaət edən texnologiyaların tətbiqi və ərzaq təhlükəsizliyinin təminatı; səhralaşmanın, ekoloji miqrasiyanın və ekoloji turizmin inkişafının qarşısının alınması məqsədi daşıyır.
AZƏRTAC bu barədə MDB-nin İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir.
Konfransda Mərkəzi Asiya, Avropa, Amerika və Asiya ölkələrinin rəsmi, işgüzar və ekspert-analitik dairələrinin, həmçinin BMT və onun xüsusi qurumlarının, aparıcı beynəlxalq təşkilatların və maliyyə təsisatlarının, özəl şirkətlərin və KİV-lərin nümayəndələrinin iştirakı gözlənilir.
Aral dənizinin quruması problemi milli, yaxud regional sərhədlər çərçivəsindən kənara çıxan faciədir. Şübhəsiz ki, bu, insan fəaliyyəti, ekoloji, iqlim, sosial-iqtisadi və humanitar fəsadlar nəticəsində əmələ gələn, Özbəkistanın və Aral dənizi regionu ölkələrinin dayanıqlı inkişafına birbaşa təhlükə törədən, həmçinin bütövlükdə qlobal ekosistemə mənfi təsir göstərən iri qlobal ekoloji faciədir.
Aral fəlakəti regionda iqlim şəraitini məhv edib, yay vaxtı quruluğu və istiliyi artırıb, soyuq və sərt qışın vaxtını uzadıb. Mütəxəssislərin proqnozlarına görə, 2035-2050-ci illərədək regionda havanın hərarəti cari göstəricilərə münasibətdə daha 1,5-3 dərəcə Selsi arta bilər. Bu, öz növbəsində, səhralaşmanı sürətləndirir, artan iqlim anomaliyalarının qüsurlu dairəsini, o cümlədən bir neçə ölkəyə zərbə vuran dağıdıcı duz fırtınalarını əmələ gətirir.