SİYASƏT


Nur-Sultanda 20 Yanvar faciəsinə həsr edilən klassik musiqi konserti keçirilib VİDEO

Nur-Sultan, 18 yanvar, AZƏRTAC

Qazaxıstanın paytaxtı Nur-Sultanda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar “Qanlı Yanvar - müstəqilliyə aparan yol” adlı klassik musiqi konserti və fotosərgi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə baş tutan tədbirdə tanınmış gənc pianoçu, beynəlxalq mükafatlar laureatı, Azərbaycan Opera və Balet Teatrı orkestrinin solisti Fəqan Həsənlinin təqdimatında Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Vaqif Mustafazadə, Şopen, Şnitke, Skryabin kimi Azərbaycan və dünya klassiklərinin seçilmiş əsərləri səsləndirilib.

Qazaxıstanda akkreditə olunmuş diplomatik korpusun təmsilçilərinin, ictimai-siyasi xadimlərin və diaspor nümayəndələrinin iştirak etdikləri tədbirdə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov çıxış edərək bildirib ki, klassik musiqi proqramını və sərgini təşkil etməkdə əsas məqsəd böyük qurbanlar bahasına əldə etdiyimiz müstəqilliyin necə əvəzsiz bir miras olduğunu bir daha xatırlatmaqdır. O vurğulayıb ki, 20 Yanvar qırğını Azərbaycanın müstəqilliyinin necə böyük dəyərə sahib olduğunu göstərir. Çünki ən yeni tariximizin şərəfli səhifələrindən biri sayılan 20 Yanvar xalqımızın azadlıq və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi, milli azadlıq hərəkatının müstəqilliklə nəticələnməsində ciddi dönüş nöqtəsi oldu.

Diplomat qeyd edib ki, 1988-ci ildən erməni separatçılarının başlatdığı təcavüzkarlıq aktlarına etiraz olaraq ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə qarşı silahlı müdaxilə yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması ilə nəticələndi. Bu, totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirdi. Amma Bakıda kütləvi şəkildə həyata keçirilən bu ağlasığmaz vandallıq aktı insanlarımızı ruhdan salmadı, əksinə, Azərbaycan xalqını ölkənin müstəqilliyi uğrunda daha da sıx birləşdirdi və gücləndirdi. Həmin hadisələr bir qəhrəmanlıq salnaməsinə çevrildi və müstəqilliyin nə qədər böyük bir dəyər olduğunu heç zaman silinməyəcək şəkildə yaddaşımıza həkk etdi.

Səfir çətin illərdə Azərbaycan ziyalılarının, xüsusilə ulu öndər Heydər Əliyevin cəsarətli mövqeyinin xalqın əzmkarlığında, haqsızlığa qarşı inamlı duruşunda böyük rol oynadığını vurğulayıb.

Azərbaycanın Qazaxıstandakı səfirliyi 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar ölkənin Almatı və digər böyük şəhərlərində də analoji tədbirlər təşkil edəcək.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.