İQTİSADİYYAT


Nur-Sultanda MDB-də rəqəmsallaşma sahəsinin inkişafı müzakirə edilib

Nur-Sultan, 17 sentyabr, AZƏRTAC

Qazaxıstanın paytaxtı Nur-Sultanda Müstəqil Dövlətlər Birliyinin (MDB) Rabitə administrasiyalarının təsis etdiyi Regional Rabitə Birliyinin Rabitə Administrasiyası Başçıları Şurasının 55-ci və İnformasiyalaşdırma üzrə MDB-nin Koordinasiya Şurasının 25-ci birgə iclasları keçirilir. Azərbaycan tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

AZƏRTAC xəbər verir ki, birliyə üzv dövlətlərin rabitə nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirak etdiyi iclasa Beynəlxalq Telekommunikasiya İttifaqı, Ümumdünya Poçt İttifaqı, MDB İcraiyyə Komitəsinin nümayəndələri qatılıb.

İştirakçılar internet texnologiyaları və rəqəmsal inkişaf sahəsində prespektivlər, rabitə şəbəkələrində saxtakarlıqla mübarizə, poçt təhlükəsizliyi məsələləri haqda müzakirələr aparıb, üzv ölkələrin hesabatları dinlənilib.

Sözügedən toplantıda Regional Rabitə Birliyinin İcraiyyə Komitəsinin Rabitə Administrasiyaları Başçıları Şurasının qərarlarının həyata keçirilməsi üzrə il ərzindəki fəaliyyəti müzakirə edilib.

Səfər çərçivəsində nazir R.Quluzadənin rabitə və yüksək texnologiyalar sahəsində əlaqələrin genişləndirilməsi məqsədilə Rusiya, Özbəkistan və Qazaxıstanın sahə nazirləri, eləcə də Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Zao ilə ikitərəfli görüşləri olub.

İclas iştirakçıları Qazaxıstanın Baş Naziri Askar Maminlə də görüşüblər. Görüşdə cari ilin oktyabrın sonunda Misirin Şarm əş-Şeyx şəhərində keçiriləcək ümumdünya radiorabitə konfransına hazırlıq məsələləri müzakirə olunub.

Qazaxıstanın Rusiya, Çin və Orta Asiyaya telekommunikasiya trafikini təmin edə biləcək nəqliyyat infrastrukturu qurmaq planları barədə məlumat verən hökumət başçısı Xəzər dənizinin dibi ilə Azərbaycan ilə fiber-optik rabitə xətlərinin çəkilişi üçün hazırlıq işləri görüldüyünü və 2021-ci ilin sonunadək başa çatacağını bildirib.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.