CƏMİYYƏT


Nur-Sultanda TÜRKPA-nın X plenar sessiyasına hazırlıq məsələləri müzakirə edilib

Nur-Sultan, 16 sentyabr, AZƏRTAC

Qazaxıstan Parlament Məclisinin (aşağı palata) sədri Nurlan Niqmatulin Türkdilli Ölkələr Parlament Assambleyasının (TÜRKPA) baş katibi Altınbek Mamayusupovla görüşüb.

AZƏRTAC Qazaxıstan Parlament Məclisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı TÜRKPA-nın yubiley - X plenar sessiyasına hazırlıq məsələləri müzakirə edilib.

Parlamentarilərin qarşıdan gələn toplantısından danışan Nurlan Niqmatulin ilk onillikdəki işlərinin nəticələri barədə məlumat verib, dövrümüzün aktual problemlərini nəzərə alaraq gələcək əməkdaşlıq üçün perspektivli sahələrin və yubiley plenar iclasının əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, Türkdilli ölkələrin parlamentarilərinin forumu bu il sentyabrın 27-28-də Türk dünyasının paytaxtı - Türküstan şəhərində baş tutacaq. TÜRKPA Şurasının toplantısı və X plenar iclası Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin və palatalarının başçılarının iştirakı ilə olacaq.

Xatırladaq ki, Türkdilli Ölkələrin Parlament Assambleyasına Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə deputatları daxildir. Macarıstan bu parlament təşkilatında 2014-cü ildən müşahidəçi statusu alıb. Özbəkistan parlamentariləri TÜRKPA-nın yubiley plenar iclasında iştiraka dəvət olunublar.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.