CƏMİYYƏT
Nur bəxş edən ömrün sönməyən işığı
Bakı, 26 aprel, AZƏRTAC
Əməkdar Elm Xadimi, akademik Zərifə Əliyeva ölkəmizdə oftalmologiyanın inkişafına, peşə ilə əlaqədar sonradan əmələ gələn göz xəstəliklərinin, xüsusilə traxoma xəstəliyinin müalicəsinə, oftalmologiyanın müasir problemlərinə dair bir çox tədqiqatlar aparıb. O, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Nizami rayonunda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbirdə danışılıb.
Tədbirdə tanınmış göz həkimin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
Tədbirdə Milli Məclisin deputatı Sədaqət Vəliyeva ömrünü insanların sağlamlığının qorunmasına həsr edən akademik Zərifə Əliyevanın xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb.
Mili Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Aqiyə Naxçıvanlı Zərifə Əliyevanın ölkəmizdə tibb elminin inkişafına verdiyi mühüm töhfələr, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında qazandığı şöhrət barədə danışıb.
Milli Məclisin deputatı Dilarə Cəbrayılova çıxışında görkəmli alim Zərif Əliyevanın incə və zərif ruhlu xanım, mehriban ana, qayğıkeş həkim kimi nəcib və xeyirxah keyfiyyətlərindən söhbət açıb.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov görkəmli alim Zərifə xanım Əliyevanın elmi, pedaqoji və həkimlik fəaliyyəti barədə danışıb, onun gənclər üçün örnək olan ibrətamiz ömür yolundan bəhs edib.