CƏMİYYƏT
Nuran Abdullayevin "AstraZeneca" peyvəndi ilə bağlı yeni tədqiqat işinin nəticələri "The Lancet" jurnalında dərc edilib
Bakı, 13 aprel, AZƏRTAC
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev "AstraZeneca" peyvəndi ilə bağlı yeni tədqiqat işini tamamlayıb.
AZƏRTAC xəbər verir ki, onun ideya müəllifi olduğu tədqiqatın preprint nəticələri müddətli olaraq dünyanın ən nüfuzlu nəşrlərindən olan "The Lancet" jurnalında dərc edilib. Sözügedən elmi tədqiqat dünyada klinik olaraq bu istiqamətdə aparılan ilk tədqiqatdır. Bununla da həmyerlimiz elmi-tədqiqat işi ilə dünyada rəsmi olaraq bir ilkə imza atıb.
Belə ki, "Imaging of Neurologically Symptomatic Patients after AZD1222 (Astrazeneca) Vaccination – a Multicenter Study of 28 Cases" adlı tədqiqat işi AZD1222 (AstraZeneca) peyvəndini alan şəxslərdən bəhs edir. Burada sözügedən vaksinin müsbət cəhətləri, bugünkü gün dünya mediasında yayılan neqativ fikirlərə münasibət və düzgün elmi yanaşma öz əksini tapıb.
Azərbaycanlı gənc alimin müəllifi olduğu tədqiqatda bugünkü gün aktual olan, bir çox inkişaf etmiş ölkələrin səhiyyə sistemi üçün vacib olan ciddi problemlər qabardılıb və onların həll yolları göstərilib. Beləliklə, Nuran Abdullayev nüfuzlu elmi arenada bir çox ölkələrin səhiyyə siyasətini bəlli edəcək və onların peyvəndlə bağlı aktual problemlərinin elmi əsaslı həllini göstərən elmi tədqiqatı ortaya qoyub. Bununla da o, beynəlxalq elmi arenada “AstraZeneca” ilə bağlı tutarlı mövqe göstərən ilk gənc azərbaycanlı alim kimi dünya tibb tarixində bir ilkə imza atır.
Qeyd edək ki, Nuran Abdullayev bundan əvvəl də onlarla elmi tədqiqat aparıb. Onun müəllifi olduğu elmi araşdırmalar nüfuzlu jurnallarda dərc olunaraq beynəlxalq elmi arenaya təqdim edilib.
Tədqiqatın müvəqqəti linki: