MƏDƏNİYYƏT
Nuran Acar: Qarabağ Zəfərinə ithaf edəcəyimiz çox böyük bir konsert səfərinə hazırlaşırıq VİDEO
İstanbul, 6 iyun, AZƏRTAC
Qardaş Azərbaycanla həyata keçirdiyimiz layihələrimiz davam edir. “Hazarfem” dərnəyi olaraq şanlı Qarabağ Zəfərinə ithaf edəcəyimiz çox böyük bir konsert səfərinə hazırlaşırıq. Bununla bağlı Türkiyə və Azərbaycanın aidiyyəti dövlət qurumlarına müraciət etmişik. Yaxın zamanlarda tarixlərin müəyyən olunacağına ümid edirəm. Bundan əlavə, “TRT” və Azərbaycan sənətçiləri ilə birlikdə Şuşada da bir konsert proqramı ilə çıxış etmək istəyirik. Çox yaxın bir vaxtda həm Bakıda, həm də Şuşada bir konsert proqramı ilə sizinlə birlikdə olacağımız günü gözləyirik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzinin (“Hazarfem” dərnəyi) sədri Nuran Acar jurnalistlərə açıqlamasında bildirib.
Dərnək olaraq çox uzun illərdir mədəniyyət sahəsi üzrə iki qardaş ölkə arasında bir körpü rolunu oynadıqlarını ifadə edən Nuran Acar deyib: “Böyük, şanlı Zəfərin əldə olunması və onun davamı olaraq işğaldan azad edilən torpaqlarda Azərbaycan dövləti tərəfindən aparılan bərpa-yenidənqurma işlərini, bu gözəl inkişafı qardaş ölkə olaraq yaxından izləyirik. Artıq bildiyimiz kimi, 2022-ci il hörmətli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Şuşa İli” elan edilib. Biz də Türkiyədə uzun illərdir davam etdirdiyimiz “Anadoludan Azərbaycana bir nəfəs” layihəsini bu il Şuşaya həsr etdik. Burada Türkiyənin Anadolu bölgəsi və Azərbaycana məxsus milli rəqs və musiqisi nümayiş etdirildi. İstanbulun ən gözəl yerlərindən biri olan Leyla Gencer Opera və Sənət Mərkəzində dərnəyimizdə təhsil alan gənclərimiz və “TRT” İstanbul Radiosunun musiqiçiləri ilə birlikdə “Şuşa İli”ni qeyd etdik”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul