CƏMİYYƏT


Nurəddin Mehdixanlı: Biz ordumuza güvənirik, ordumuzu sevirik və hər zaman da ordumuzun arxasındayıq!

Bakı, 29 sentyabr, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının şanlı Azərbaycan Ordusu tərəfindən layiqincə cavablandırılması bir sənət adamı olaraq məni çox sevindirdi. Ermənilərin xeyli sayda canlı qüvvə və hərbi texnika itirərək qorxu içində geri çəkilməsi və işğal altında olan mövqelərin Silahlı Qüvvələrimizin nəzarəti altına keçməsi ordumuzun mühüm qələbəsidir. Ordumuz tərəfindən əldə edilmiş bütün bu uğurlar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında davamlı inkişaf edən, maddi-texniki bazası daim gücləndirilən Azərbaycan Silahlı Qüvvələrinin və Azərbaycan xalqının tarixi nailiyyətidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Nurəddin Mehdixanlı deyib.

“Hər bir xalqı dünyada tanıdan, məşhurlaşdıran, aparıcı söz sahibinə çevirən amillərdən biri də onun ordusu, silahlı qüvvələridir. Tarixən hər bir millət ordusuna güvənib, onu milli qürur və fəxarət ünvanı sayıb. Qüdrətli ordusu olan dövlət nəinki maraq və mənafeyini layiqincə qoruya bilib, eyni zamanda, dünya siyasətinə əsaslı təsir imkanları əldə edib. Bəli, güclü dövlətin təməl prinsiplərindən biri qüdrətli ordunun mövcudluğudur. Ordu quruculuğu konkret zamanla məhdudlaşmayan, daim gərgin səy göstərilməsini tələb edən çətin və mürəkkəb prosesdir. Bu sahədə uğurları təmin edən başlıca amillərdən biri də polad nizam-intizamın yaradılması, habelə şəxsi heyətin yüksək vətənpərvərlik ovqatında yetişdirilməsidir. Təcrübə göstərir ki, döyüş ruhu olmayan orduya uğur qazanmaqda ən müasir silahlar belə kömək etmir. Bu gün Azərbaycan Ordusunda şəxsi heyətin mənəvi-psixoloji durumu, habelə hərbi-vətənpərvərlik əhval-ruhiyyəsi yüksək səviyyədədir. Bunun əsas səbəblərindən biri də ön xətdə yerləşən hərbi hissələrdə yüksək vətənpərvərlik əzmidir”,- deyə Xalq artisti vurğulayıb.

Ordumuzun müasir vəziyyətinin göz qabağında olduğunu söyləyən Nurəddin Mehdixanlı vurğulayıb ki, ölkə başçısının uğurlu siyasəti ordu sahəsində də özünü göstərir. Ordu quruculuğunda ən müasir yeniliklərin tətbiq edilməsi müsbət nəticələrini verir.

Xalq artisti deyib: “Qüdrətli Azərbaycan Ordusunun olması hər bir Azərbaycan vətəndaşının arzusu idi. Artıq bu arzu deyil, reallıqdır! Azərbaycan Silahlı Qüvvələri tarixi vəzifənin öhdəsindən gəlməyə tam hazırdır! Azərbaycan Ordusu müstəqilliyimizi əbədi qorumaq, ərazi bütövlüyümüzü bərpa etmək gücündədir! Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir! Biz ordumuza güvənirik, ordumuzu sevirik və hər zaman da ordumuzun arxasındayıq!”

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.