Nürəddin Mehdixanlı: II Milli Yaylaq Festivalı türk dünyasının bir oyanış prosesidir
AzerTAg.az
Göygöl, 30 iyul, AZƏRTAC
Düşünürəm ki, burada bu gün çox böyük mədəniyyət hadisəsi baş verir. Buna, sadəcə, bir yaylaq festivalı kimi baxmaq bəlkə də doğru olmazdı, çünki burada bir millətin ruhunun dirilişi baş verir. Bu gözəl addımı atanlar vətən, torpaq, millət sevgisi yaşadan insanlardı. Azərbaycanlı olmaq üçün millətinə, ölkəsinə, torpağına və keçmişinə, həmçinin milli-mənəvi dəyərlərinə bu cür qiymət vermək lazımdır.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə II Milli Yaylaq Festivalın iştirakçısı, Xalq artisti Nürəddin Mehdixanlı bildirib.
“Mən üç gündür buradayam, insanlar bura elə bil özlərini tanımağa, kəşf etməyə gəlirlər. Özlərinin tarixi, taleyi və əcdadlarının ruhları ilə qarşılaşırlar. Mənə elə gəlir ki, Azərbaycan xalqı bu çərçivədə olan tədbirlərlə özünü tanıdıqca daha güclü və qüdrətli olacaq. Dövlətinə, ölkəsinə, bayrağına daha ciddi şəkildə sarılacaq”, - deyə N.Mehdixanlı vurğulayıb.
Festivalın çox möhtəşəm təşkil olunduğunu söyləyərək, bu layihənin həyata keçməsində xidmətləri olan hər kəsə təşəkkürünü bildirən Xalq artisti deyib: “Bu cür vacib hadisələr böyük türk dünyasının bir oyanış prosesidir və nəticədə bizim birlik, həmçinin bütövlüyümüzü, gücümüzü, qüdrətimizi özümüzə qaytarmağa xidmət edən böyük bir mədəni, milli hadisədir. Ümidvaram ki, bu cür tədbirlər davamlı olacaq. Bu torpaqlar bizimdir demək üçün bura toplaşmışıq, dünya da bunu görsün və dərk etsin”.

Xəbərin mətnində orfoqrafik səhv var