İQTİSADİYYAT
Nurfan Akcan: “Məqsədimiz Avropa texnologiyalarını azərbaycanlı istehlakçılara nümayiş etdirməkdir”
Bakı, 24 may (AZƏRTAC). İlk dəfədir ki, “Agrihort Azerbaijan” sərgisinə qatılırıq və məqsədimiz Avropa texnologiyalarını azərbaycanlı istehlakçılara nümayiş etdirməkdir.
Yeddinci Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgisinin (“Agrihort Azerbaijan-2013”) iştirakçısı olan Hollandiyanın “Royal Brinkman” şirkətinin ticarət üzrə nümayəndəsi Nurfan Akcan AZƏRTAC-a bildirmişdir ki, şirkət istixanalar və istixana avadanlıqlarının istehsalı üzrə 125 illik tarixə malikdir. “Royal Brinkman” dünyanın 10 ölkəsində nümayəndəliklərə malikdir və öz məhsullarını bütün qitələrin 93 ölkəsinə ixrac edir.
O demişdir ki, “Agrihort Azerbaijan-2013” sərgisində biz istixanalar və istixana avadanlıqlarının istehsalı sahəsində qabaqcıl Avropa texnologiyalarını təklif edirik. Bunlara istixana karkasları, habelə müxtəlif həcmli işıqlandırma, damcı suvarması, istilik və havanın təkrar sirkulyasiyası sistemləri daxildir.
Biz yerli sahibkarların və fermerlərin məhsullarımıza böyük maraq göstərdiklərinə əmin olduq. Artıq bir sıra maraqlı görüşlər keçirərək gələcək əməkdaşlığın perspektivlərini müzakirə etmişik. Buna görə də, gələcəkdə sərgi təşkilatçısı ilə əməkdaşlığı davam etdirməyi zəruri hesab edirik.