CƏMİYYƏT
Nurlana Əliyeva: Zərifə Əliyeva bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaradıb
Bakı, 25 aprel, Nəriman Həsənzadə, AZƏRTAC
Akademik Zərifə Əliyeva Azərbaycan və dünya oftalmologiya elminə böyük töhfələr bəxş edib. Zərifə Əliyevanın keçdiyi şərəfli həyat yolu hər bir alim, hər bir Azərbaycan vətəndaşı üçün mənəviyyat və kamillik məktəbidir.
Bu sözləri YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva Fəxri xiyabanda görkəmli oftalmoloq alim Zərifə Əliyevanın məzarını ziyarət edərkən jurnalistlərə müsahibəsində bildirib.
“Zərifə xanım Əliyeva bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaradıb. Azərbaycan ziyalı qadınının ən gözəl simalarından olan Zərifə xanım ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı idi. Gözəl bir ailədə doğulan Zərifə Əliyeva çox qayğıkeş ana olub və ölkəmizə layiqli övladlar yetişdirib. Tanınmış həkim, alim, qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı olan Zərifə Əliyevanın əziz xatirəsi daim qəlblərdə yaşayacaq”, - deyə rektor vurğulayıb.