İDMAN
Nurməhəmməd Hacıyev: Qalib gəlməyə borclu idim
Bakı, 20 may, Həsrət Mahmudova, Samirə Allahverdiyeva, AZƏRTAC
İslam Həmrəyliyi Oyunlarına baş məşqçi Firdovsi Umudov, məşqçilər Arif Abdullayev, Sədrəddin Yaqubov və Zəlimxan Hüseynovun rəhbərliyi ilə yaxşı hazırlıq keçmişdik. Bu üzdən nəticə də uğurlu alındı.
Bu sözləri AZƏRTAC-a müsahibəsində IV İslam Həmrəyliyi Oyunlarında 97 kiloqram çəki dərəcəsində mübarizə apararaq qızıl medal əldə edən sərbəst güləşçi Nurməhəmməd Hacıyev söyləyib.
O deyib: “İslamiada ölkəmizdə keçirildiyindən, qalib gəlməyə borclu idim. Respublikamızda idmana göstərilən diqqət və qayğı, insanların bizə belə coşqu ilə azarkeşlik etməsi qarşılığında yalnız birinci olmalı idim və onu da bacardım”.
“Bakı-2017”nin qalibi gələcək hədəflərindən də danışıb. Bildirib ki, bir qədər istirahətdən sonra digər məsul yarışlara hazırlaşacaq: “Bir müddət dincələcəm, sonra Parisdə təşkil olunacaq dünya çempionatına hazırlıq mərhələsi başlayacaq. Bütün diqqətimi həmin yarışa yönəldəcəm”.
Qeyd edək ki, Nurməhəmməd Hacıyev ötən gün İran idmançısı Amir Mohammadini 11:2 hesabı ilə məğlub edərək “Bakı-2017”nin qızıl medalını qazanıb.