DÜNYA
Nursultan Nazarbayev Qazaxıstan Xalqları Assambleyası sədrinin səlahiyyətlərini Kasım-Jomart Tokayevə təhvil verib
Nur-Sulan, 28 aprel, AZƏRTAC
Nursultan Nazarbayev Qazaxıstan Xalqları Assambleyası sədrinin səlahiyyətlərini Prezident Kasım-Jomart Tokayevə təhvil verib.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan Xalqları Assambleyasının XXIX sessiyasında çıxışı zamanı Nursultan Nazarbayev Assambleyaya ömürlük rəhbərlik etmək hüququna sahib olduğunu da qeyd edib. Eyni zamanda, bildirib ki, Assambleyanın idarə olunması üçün bir sıra səlahiyyətlər Prezidentə həvalə olunub.
“Ancaq bu da hər şey deyil. Qazaxıstan Xalqları Assambleyası bir sütun kimi hazırkı Prezidentin yanında dayanmalıdır. Digər tərəfdən, dövlət başçısı da Assambleyaya güvənir, yəni, bütün məsələlər bir əldə olmalıdır. Buna görə də Xalqlar Assambleyasına rəhbərlik hüququmu Prezident Kasım-Jomart Tokayevə vermək qərarına gəldim”, - deyə Nursultan Nazarbayev bildirib.
Prezident Kasım-Jomart Tokayev də öz növbəsində Nursultan Nazarbayevi Qazaxıstan Xalqları Assambleyasının fəxri sədri olmağı təklif edib.
Qeyd edək ki, Qazaxıstan Prezidenti yanında məsləhətçi qurum olan Qazaxıstan Xalqları Assambleyasının vəzifəsi dövlətin milli siyasətinin hazırlanıb həyata keçirilməsinə dəstək göstərməkdir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan