İQTİSADİYYAT
Nursultan Nazarbayev: “Qazaxıstanlılar heç vaxt indiki kimi yaşamayıblar” VİDEO
Astana, 26 may, AZƏRTAC
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev IX Astana İqtisadi Forumunun plenar iclasında iştirak edib.
İqtisadi Forumun media tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, Qazaxıstanın dövlət başçısı forum iştirakçılarına müstəqillik illərində ölkənin hansı irəliləyişlərə nail olması haqqında danışıb.
N.Nazarbayev bildirib ki, müstəqillik dövründə Qazaxıstanın ümumi daxili məhsulu dollar ekvivalentində 20 dəfə, orta aylıq əmək haqqı 17 dəfə artıb. 2 milyon iş yeri açılıb. Prezident deyib: “Bu kürsüdən cəsarətlə deyə bilərəm ki, qazaxıstanlılar heç vaxt indiki kimi yaşamayıblar”.
Qazaxıstan Prezidentinin sözlərinə görə, dinamik iqtisadi artım zamanı ölkə hökuməti gəlirlərdə kəskin fərqin yaranmasına imkan verməyib, bununla bərabər, yoxsulluq xeyli azaldılıb.
Dövlət başçısı deyib: “90-cı illərin əvvəlində hər üç nəfərdən biri, daha doğrusu, əhalinin 40 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayırdısa, indi bu rəqəm 3 faizdir. Bizim üçün insan kapitalına investisiyalar, infrastrukturun inkişafı, sənayeləşmə, gələcək nəsillər üçün əmanət əsas prioritetlər olub və olacaq”.
Sonda Nursultan Nazarbayev görülən işlərə, Qazaxıstanda həyata keçirilən tədbirlər barədə fikir və dəyərləndirməyə görə Astana İqtisadi Forumunun iştirakçılarına minnətdarlığını bildirib. O deyib: “Bu işlərin nəticələri qlobal inkişafın ümumi daxılına toplanır”.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana