DÜNYA
Nursultan Nazarbayevin qızı deputat mandatından imtina edib
Bakı, 25 fevral, AZƏRTAC
Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin qızı Dariqa parlamentin deputatı səlahiyyətindən imtina edib.
AZƏRTAC Zakon.kz portalına istinadla xəbər verir ki, Dariqa Nazarbayeva deputat mandatından imtina etdiyini, ictimai, humanitar və xeyriyyəçilik fəaliyyəti ilə məşğul olacağını deyib.
O, eyni zamanda, siyahısı üzrə mandat aldığı “Nur Otan” partiyasına səs verən qazaxıstanlılara, həmçinin partiya yoldaşlarına və ölkə rəhbərliyinə təşəkkürünü bildirib. “Ölkəmə və onun maraqlarına bundan sonra da xidmət edəcəyəm. Bunun üçün vəzifəyə gərək yoxdur”, - deyə Dariqa Nazarbayeva əlavə edib.
Ölkənin sabiq prezidentinin qızı yanvar ayından bəri bir dəfə də olsun parlamentin iclaslarına gəlməyib və bunu koronavirus xəstəliyindən sonrakı reabilitasiyası ilə izah edib.
Bir müddət öncə hakim “Nur Otan” partiyasından olan deputat Aydos Sarım Dariqa Nazarbayevanın istefaya getməli olduğunu söyləyib. O, Qazaxıstanda baş verən yanvar hadisələrində Dariqanın soyadının hallandığını, bunun ictimaiyyətdə böyük inamsızlıq və narazılıq yaratdığını bildirib.
Qeyd edək ki, 30 ilə yaxın Qazaxıstana rəhbərlik edən Nursultan Nazarbayev 2019-cu il martın 20-də prezident postundan istefa versə də, Təhlükəsizlik Şurasının rəhbəri, hakim “Nur Otan” partiyasının lideri və Qazaxıstan Xalq Assambleyasının rəhbəri postlarını özündə saxlamışdı. O, 2021-ci ilin aprelində Assambleyanın sədri səlahiyyətlərini respublikanın hazırkı rəhbərinə ötürüb, bu il yanvarın 5-də başlayan kütləvi iğtişaşlar zamanı Təhlükəsizlik Şurasının, bir müddət sonra isə hakim partiyanın sədri vəzifəsindən kənarlaşdırılıb.