CƏMİYYƏT


Nuru Bayramov: transplant xəstələri şəxsi gigiyena qaydalarına və sosial izolyasiyaya ciddi şəkildə əməl etməlidirlər

Bakı, 25 aprel, AZƏRTAC

COVID-19 xəstəliyinin törədicisi həm birbaşa hava-damcı yolu, həm də əşyalarla və birbaşa təmas yolu ilə yayıldığı üçün yüksək yoluxma qabiliyyətinə malikdir. Ona görə də bir xəstə təxminən 3 nəfəri yoluxdura bilir. Transplantasiya əməliyyatı keçirən xəstələr bir çox infeksiyalara, o cümlədən, COVID-19 xəstəliyinə həssas xəstələr sayılır. Həmin qrup xəstələr risk qrupu hesab olunduğundan yüksək dərəcədə profilaktik tədbirlərin aparılmasına ehtiyac var. Dünyada bu sahədə böyük təcrübə və elmi əsaslanmış tədbirlər planı yoxdur, tövsiyələrin əksəriyyəti ekspert rəylərinə, kiçikhəcmli təcrübələrə əsaslanır. Transplantasiya sahəsində öndə gələn beynəlxalq cəmiyyətlərin apardığı sorğuları, ekspert rəylərini və kiçikhəcmli təcrübələri nəzərə alaraq bir sıra tövsiyələri qeyd etmək olar. Belə ki, transplant xəstələri bölgədə tətbiq edilən ümumi tədbirlərə - şəxsi gigiyena qaydalarına, sosial izolyasiyaya ciddi şəkildə əməl etməlidirlər. Evdə şəxsi gigiyena vasitələrinin hamısı ayrı olmalı, ev vaxtaşırı havalandırılmalı, evdəkilərlə, xüsusən, küçəyə çıxıb gələnlərlə məsafə saxlanılmalıdır.

AZƏRTAC xəbər verir ki, bunlar Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nuru Bayramovun COVID-19 pandemiyası dövründə transplantasiya xəstələrinə yanaşma qaydaları ilə bağlı hazırladığı araşdırma materialında qeyd olunub.

Bildirilib ki, bu dövrdə xəstələrin xəstəxanalara gəlməsini və yoluxma ehtimalını azaltmaq məqsədilə həkim-xəstə əlaqəsinin distant görüntülü sistemlərin vasitəsilə həyata keçirilməsi tövsiyə edilir.

Transplantasiya mərkəzlərindən uzaqda yaşayan xəstələrin analizlərini və lazım olan müayinələrini yaşayış yerlərində etmələri, klinik müayinələrin ehtiyac yaranarsa, yerli həkimlər tərəfindən aparılması tövsiyə edilir. Buna görə də transplantoloqlarla yerli həkimlər arasında koordinasiyanı yaratmaq da vacibdir.

COVID-19 riskini nəzərə alaraq immunosupressiya rejimlərini dəyişdirmək tövsiyə olunmur. İmmunosupressiv dərmanları olduğu kimi davam etdirmək məsləhət görülür. Yalnız xüsusi göstərişlər olarsa transplantoloqla məsləhətləşərək dəyişdirmək olar: dərmana bağlı ciddi yan təsirlər ortaya çıxdıqda, superinfeksiyalar varsa, COVID-19 xəstələrində bəzi dərmanlar istifadə edildikdə.

Rutin müayinələri, xüsusən də invaziv müayinələri və müdaxilələri mümkün qədər ertələmək tövsiyə olunur. Bunları ancaq təcili vəziyyətlər olduqda aparmaq məsləhət görülür.

Planlı göstərişlərlə aparılan transplantasiya əməliyyatlarının ertələnməsi məqsədəuyğun hesab edilir. Təcili göstərişlə aparılacaq transplantasiya əməliyyatlarında həm alıcı, həm vericinin COVID-19 müayinəsi, bununla əlaqədar yüksək risk razılığı və əməliyyatın COVID-19 xəstələrindən təcrid edilmiş xəstəxanalarda aparılması məsləhət görülür.

Transplant xəstələrinin yalnız təcili göstərişlərlə xəstəxanaya yatırılması tövsiyə olunur.

COVID-19 şübhəsi olan transplant xəstələr təcili yoxlanmalı və virusa yoluxma faktı aşkarlanarsa, dərhal xəstəxanaya yatırılıb müalicə almalıdırlar.

Transplant xəstələrində, xüsusən qaraciyər transplantasiyası olunmuş xəstələrdə qeyri-steroid kimi parasetamol tövsiyə edilir və onun dozası gündə 2-3 qramı keçməməlidir.

COVID-19-un müalicəsi məqsədilə verilən dərmanların immunosupressiv dərmanlarla qarşılıqlı təsiri nəzərə alınmalı və immunosupressorun səviyyəsi vaxtaşırı yoxlanılmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.