İQTİSADİYYAT


Nurudin Muhitdinov: Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Regional Rabitə Birliyinin və Beynəlxalq Telekommunikasiya İttifaqının fəal iştirakçısıdır

Dubay, 2 noyabr, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi istər Regional Rabitə Birliyinin (RBB), istərsə də Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) çox fəal iştirakçısıdır. Bu sözləri RRB İcraiyyə Komitəsinin baş direktoru Nurudin Muhitdinov AZƏRTAC-a müsahibəsində söyləyib.

Onun sözlərinə görə, BTİ-nin Dubayda keçirilən səlahiyyətli konfransında Azərbaycan nümayəndə heyəti bu il ən yüksək səviyyədə təmsil olunub. Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, onun müavini Elmir Vəlizadə tədbirdə iştirak edirlər. Azərbaycan nümayəndə heyəti çox fəal işləyir, elə yeni ideya və təkliflər irəli sürür ki, bizim regional birliyimiz çərçivəsində bəyənilməlidir. N.Muhitdinov deyib: “Ümidvarıq ki, bu ideya və təkliflər səlahiyyətli konfrans tərəfindən də qəbul olunacaq və son nəticədə informasiya cəmiyyətinin daha səmərəli qurulmasına kömək edəcək. Bu, ölkələrimizdə, regionlarda yaşayan insanların onların həyat şəraitini daha komfortlu edən informasiya texnologiyalarından rahat istifadə etmələrinə yönələcək”.

Konfrans çərçivəsində BTİ Şurası üzvlərinin seçkilərinin keçiriləcəyini diqqətə çatdıran N.Muhitdinov deyib: “Bu, çox mühüm seçkili vəzifədir və çox məhdud sayda ölkə bu Şuranın üzvüdür. Azərbaycan seçilməyə layiq ölkədir, çünki Azərbaycanda informasiya texnologiyalarının inkişafını təmin edən göstəricilər var. Azərbaycanın bu xidmətləri BTİ tərəfindən etiraf olunub və ölkələr öz səslərini ona veriblər”.

RRB İcraiyyə Komitəsinin baş direktoru qeyd edib ki, Azərbaycan tərəfi BTİ-nin səlahiyyətli konfransında bu dəfə də BTİ Şurasına seçilməyə namizəddir, nazirliyin nümayəndəsi Sahibə Həsənova isə Radioreqlamentləşdirmə Komitəsinin üzvlüyünə namizəddir.

N.Muhitdinov fikrini belə yekunlaşdırıb: “Radioreqlamentləşdirmə Komitəsi də çox məhdud sayda konkret insanlardan ibarət strukturdur. Bu insanlar BTİ-də komitənin fəaliyyətini təmin edirlər. Bu, çox məsuliyyətli və mühüm sahədir. Zənnimcə, Azərbaycan tərəfi regionumuzdan olan bu iki yer uğrunda rəqabətli, açıq və demokratik mübarizədə bütün maneələri aşaraq qalib gələ bilər. Bu yerlərə namizədlər çoxdur, dörd nəfərdir. Mən Sahibə Həsənovaya qələbə qazanmağı, Beynəlxalq Telekommunikasiya İttifaqında, habelə Radioreqlanmentləşdirmə Komitəsinin üzvü vəzifəsində Regional Rabitə Birliyində gələcək fəaliyyətində uğurlar arzu etmək istərdim”.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Dubay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.