CƏMİYYƏT
Nüvə elmi ətraf mühitin qorunmasına kömək edir
Bakı, 30 iyul, AZƏRTAC
Artıq uzun müddətdir ki, insanın fəaliyyəti ətraf mühitə ciddi təsir edir. Lakin planetimizin bərpasına ümid itirilməyib, çünki ona vurulmuş ziyanın əvəzini çıxmağa imkan verən üsullar var.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) mütəxəssisləri tərəfindən təklif edilən dörd üsul nüvə elminin və müvafiq texnologiyaların köməyi ilə ətraf mühiti qorumağa və bərpa etməyə imkan verir.
İqlim dəyişmələrinin nəticələrinin yumşaldılması. İqlim dəyişmələri bəşəriyyətin üzləşdiyi ən ciddi problemlərdən biridir. O, xeyli dərəcədə yanacaq şəklində enerjidən istifadə edilməsi nəticəsində karbon qazı tullantılarının ətraf mühitə yayılması ilə bağlıdır. Karbon qazı tullantılarının azaldılması və son nəticədə tamamilə dayandırılması hökumətlər, sənaye və vətəndaşlar tərəfindən qazıntı şəklində yanacaqdan asılılığı azaltmağa və bərpaolunan enerji, habelə atom enerjisi kimi aşağı karbonlu enerji mənbələrinə keçməyə yönəlmiş ciddi səy göstərilməsini, onların ahəngdar işləməsini tələb edir.
Atom elektrik stansiyalarının istehsal etdiyi elektrik enerjisi dünyada toplam elektrik enerjisi istehsalının təqribən 10 faizini və aşağı karbonlu elektrik enerjisi istehsalının dörddə birindən çoxunu təşkil edir. Lakin bəzi ölkələrdə, məsələn Slovakiya və Ukraynada istehsal edilən bütün elektrik enerjisinin 50 faizindən çoxu atom enerjisidir.
Plastik kütlənin emal edilməsi. 1950-ci ildən bəri dünyada 8 milyard tondan çox plastik kütlə istehsal edilib. Ətraf mühitin plastik kütlə ilə çirklənməsi həm quruda, həm də dənizdə ən kəskin ekoloji problemlərdən biridir. Dənizlərdə plastik kütlə həm dəniz heyvanlarının və quşların məhv olmasına gətirib çıxarır, həm də qida zəncirinə nüfuz edir. Hazırda mövcud olan bütün plastik kütləni emal etmək üçün ənənəvi metodlar kifayət etmir. Buna görə də BAEA ölkələrlə birlikdə radiasiya texnologiyalarından istifadə edilməklə alternativ həllər axtarışını davam etdirir.
Ətraf mühitin çirklənməsinə nəzarət. İnsanın fəaliyyətinin bir sıra növləri nəticəsində çirkləndirici maddələr ətraf mühitə düşür. Havanın, suyun və ya torpağın çirklənməsi bioloji, geoloji və kimyəvi tsikllərə təsir edir, onların tərkib hissəsinə çevrilir. Mütəxəssislər çirkləndirici maddələrə qarşı daha səmərəli mübarizə aparmaq və çirklənmiş əraziləri bərpa etmək üçün nüvə metodlarından və müvafiq texnologiyalardan istifadə etməklə bu prosesləri öyrənirlər.
İçməli su ehtiyatlarının idarə edilməsi. İnsanın həyatı suyun nə dərəcədə əlçatan olmasından birbaşa asılıdır. Bizim içdiyimiz, eləcə də sənayedə və kənd təsərrüfatında istifadə etdiyimiz su mənbələrinin nə dərəcədə etibarlı olmasını yəqin etmək üçün izotop hidrologiyası adlanan elm sahəsinin köməyi ilə suda izotopların nisbətini ölçmək lazımdır.