İQTİSADİYYAT


Nyu-York Məhkəməsi "Azərbaycan Beynəlxalq Bankı"nın aktivlərini xarici kreditorlardan qorudu

Bakı, 13 may, AZƏRTAC

Nyu-York Məhkəməsi "Azərbaycan Beynəlxalq Bankı"nın (ABB) müraciəti əsasında ABB-nin aktivlərinin xarici kreditorların ABŞ-dakı iddia tələblərindən qorunması ilə bağlı qərar qəbul edib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, qərara əsasən, ABB-nin xarici öhdəliklərinin könüllü restrukturizasiyası prosesi zamanı xarici kreditorlar bankın aktivlərinə qarşı tələblər irəli sürə bilməyəcək.

"Bəyan etdiyimiz kimi, ABB-nin xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyası planı bankın maliyyə vəziyyətinin güclənməsinə xidmət edir. Bu proses nəticəsində ABB-nin uzunmüddətli maliyyə dayanıqlılığı təmin olunacaq və özəlləşdirmə öncəsi bankın bazar dəyəri artacaq. Bu prosesin önəmli istiqamətlərindən biri də restrukturizasiya zamanı xarici kreditorların ABB-nin xarici ölkələrdəki aktivlərinə qarşı hər hansı iddialar irəli sürməməsinə nail olmaqdır. ABB Bankın xarici öhdəliklərinin restruturizasiyası prosesinin ABŞ-da tanınması və bu səbəbdən kreditorlar tərəfindən ABŞ məhkəmələri vasitəsilə onun aktivlərinə qarşı iddia qaldırılmasının qarşısının alınması məqsədilə Nyu-York Məhkəməsinə müraciət edib. Bu müraciətimiz məhkəmə tərəfindən təmin olunub. Bütün bunlar, restrukturizasiya prosesini uğurla həyata keçirməkdən ötrü lazımi addımların atıldığını göstərir", - deyə ABB-nin idarə heyətinin sədri Xalid Əhədov məhkəmə qərarını şərh edərkən bildirib.

Qeyd edək ki, ABB-nin bir sıra xarici maliyyə institutlarından cəlb etdiyi xarici valyutada borcların bu plana uyğun olaraq birbaşa dövlətə ötürülməsi nəzərdə tutulur. Bu proses bankın yalnız xarici öhdəliklərini əhatə edir, bütün digər öhdəliklər, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarının, hüquqi şəxslərin və digər qeyri-rezidentlərin milli və xarici valyutada qorunan və qorunmayan, tələbli (cari) və müddətli əmanətləri üzrə əməliyyatlar isə cari rejimdə həyata keçirilir. Açıqlamada bir daha bildirilib ki, banka yerləşdirilmiş əmanətlər üzrə fərdi və korporativ müştərilərə faiz ödənişləri də daxil olmaqla "Azərbaycan Beynəlxalq Bankı" bütün xidmət və əməliyyatları adi qaydada davam etdirməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.