CƏMİYYƏT
Nyu-York meri Bruklində qızılcanın yayılması səbəbindən səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib
Vaşinqton, 10 aprel, AZƏRTAC
Nyu-York meri Bill de Blazio Bruklində qızılcanın yayılması səbəbindən səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.
AZƏRTAC xəbər verir ki, Bruklinin bəzi rayonlarının vaksinləmə almayan hər bir sakini qızılcaya, epidemik parotit və məxmərəyə qarşı növbəti 48 saat ərzində məcburi surətdə peyvənd olunmalıdırlar. Vaksinləmədən imtina edən sakinlər 1000 dollar məbləğində cərimələnəcəklər. Mer Bill de Blazio mətbuat konfransında bəyan edib ki, epidemiya tez bir zamanda aradan qaldırılmalıdır.
Epidemiya hələ ötən ilin oktyabrında, ieşivanın peyvənd olunmayan şagirdi və ultraortodoksal yəhudi icmasının üzvünün İsraildən bu xəstəliyə yoluxaraq Nyu-Yorka qayıtmasından sonra başlayıb. Bu ilin yanvarında Nyu-York administrasiyası şagirdlərin məcburi qaydada peyvəndlənmədən keçməyəcəkləri təqdirdə bütün ieşivaların bağlanacağı ilə hədələmişdi. Nyu-York Səhiyyə və Psixogigiyena Departamentinin məlumatına görə, ieşivalardan biri hakimiyyət orqanlarının tələbini yerinə yetirməkdən imtina etdiyinə görə, bu tədris müəssisəsində qızılcaya yoluxmaların sayı elə həmin ay 40 faiz artıb. Ümumilikdə, 2018-ci ilin oktyabrından 285 yoluxma halı qeydə alınıb ki, bunların da əksəriyyəti yəhudi icması ilə bağlıdır.
“Qızılca vaksinləmənin köməyi ilə qarşısı asanlıqla alına bilən təhlükəli, ölümcül xəstəlikdir”, - deyə merin səhiyyə və sosial xidmət məsələləri üzrə müavini Germiniya Palatsio bildirib. Nyu-York Səhiyyə Departamentinin əməkdaşları Uilyamsberqdə yoluxmuş pasiyentlərlə hər hansı kontaktda olması ehtimal edilən hər sakinin peyvəndləmə barədə qeydlərini yoxlamaq istəyirlər. Səhiyyə üzrə komissar Oksiris Barbor tərəfindən imzalanan əmr 11205, 11206, 11221 və 11237 poçt indeksindəki evlərdə “işləyən və ya yaşayan” hər kəsə paylanılıb.
Hakimiyyət orqanları sakinlərdən peyvəndlənmənin zərəri barədə saxta məlumatlara əsaslanaraq, səhv mühakimələrə inanmamağı və vaksinləmə almağı xahiş edirlər.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton