DÜNYA
Nyu-York qubernatoru 11 sentyabr terror aktlarının ildönümünün bütün məktəblərdə qeyd olunmasını tələb edən qanun imzalayıb
Vaşinqton, 11 sentyabr, AZƏRTAC
Nyu-York ştatının qubernatoru Endrü Kuomo 2001-ci il 11 sentyabr terror aktlarının ildönümünün bütün məktəblərdə qeyd olunmasını tələb edən qanun imzalayıb.
AZƏRTAC xəbər verir ki, demokratlar – senator Cozef Addabbo və ştatın qanunvericilik məclisinin üzvü Steysi Feffer Amatonun təşəbbüsü ilə hazırlanmış qanun layihəsi imzalandığı andan qüvvəyə minib. Sentyabrın 11-də ştatın bütün məktəblərində məşğələlər bir dəqiqəlik sükutla başlanacaq.
Qubernator Kuomo bu qanunun qəbul edilməsi ilə əlaqədar deyib ki, bu sənəd gənclərin 2001-ci il terror aktları barədə məlumatının artırılmasına kömək edəcək. Axı, bu gənclərin bəzi nümayəndələri həmin terror aktları törədilən vaxt hələ anadan olmamışdı. Həmin gün terrorçular Manhettendə Ümumdünya Ticarət Mərkəzinin qüllələrinə, Arlinqtonda Pentaqona hücum edərək Amerika vətəndaşlarına qarşı kütləvi zorakılıq aktı törədib, Pensilvaniyada təyyarəni vurublar. Qubernator qeyd edib ki, 11 sentyabr hadisələri Nyu-York ştatının və bütövlükdə Birləşmiş Ştatların tarixində ən faciəli dövrlərdən biri olub. Buna görə də ştat administrasiyası o faciəli gündə həlak olanların, həmçinin təhlükə ilə üzləşmiş saysız-hesabsız qəhrəmanların xatirəsini qorumaq üçün əlindən gələni etməlidir.
Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də “Əl-Qaidə” terror təşkilatının 19 üzvü Birləşmiş Ştatlarda bir-biri ilə əlaqələndirilmiş dörd terror aktı – intihar törədib, dörd sərnişin avialaynerini ələ keçirib, həmin laynerlərdən ikisini Nyu-Yorkda, Manhettenin cənub hissəsində yerləşən Ümumdünya Ticarət Mərkəzinin qüllələrinə, birini Virciniyada Pentaqonun binasına yönəldiblər. Dördüncü avialaynerin sərnişinləri və heyəti təyyarənin idarə olunmasını terrorçuların əlindən almağa cəhd göstəriblər, nəticədə təyyarə Pensilvaniya ştatındakı Şanksvill yaxınlığında yerə çırpılıb. Bu terror aktları nəticəsində təqribən 3.000 nəfər həlak olub.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton