MƏDƏNİYYƏT


Nyu-Yorkda Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 27 illiyi qeyd edilib

Vaşinqton, 16 oktyabr, AZƏRTAC

ABŞ-dakı “My Way” Uşaq və Yeniyetmələrin Yaradıcılığının İnkişafı Mərkəzi Azərbaycanın müstəqilliyinin 27-ci ildönümü münasibətilə təntənəli tədbir keçirib.

Mərkəzin prezidenti Alyona Bədəlova tədbirdə çıxış edərək bildirib ki, artıq beş ildir mərkəzdə “Biz Azərbaycandanıq, Azərbaycanlayıq və Azərbaycan üçün çalışırıq” layihəsi işləyir. Layihədə “Qafqaz ritmləri” rəqs studiyası, xoreoqraflar Rəşidə Məmmədova, Saymon Tsertsvadze, Teymur və Mədinə Əlisultanovlar, Azərbaycanda yaxşı tanınan heykəltəraş və rəssam Emin Quliyevin rəhbərliyi ilə “My Way” nəzdində fəaliyyət göstərən art-studiya, məşqçi, idman ustası və “Neftçi” komandasının keçmiş oyunçusu Arif Zərbəliyevin başçılıq etdiyi “My Way” futbol komandası iştirak edirlər.

Qeyd edək ki “Biz Azərbaycandanıq, Azərbaycanlayıq və Azərbaycan üçün çalışırıq” layihəsi artıq çox populyardır. Layihənin məqsədlərindən biri sərgilər, konsertlər və müxtəlif yarışlar vasitəsilə Azərbaycan mədəniyyətini və ənənələrini Nyu-Yorkda təbliğ etməkdir.

Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova tədbir iştirakçılarını Azərbaycanın müstəqilliyinin 27-ci ildönümü münasibətilə təbrik edərək bildirib ki, tarixi vətənimizin müstəqilliyinin bərpa olunması Azərbaycan xalqının ən böyük nailiyyətidir. O, “Biz Azərbaycandanıq, Azərbaycanlayıq və Azərbaycan üçün çalışırıq” layihəsinə töhfələrinə görə mərkəzin müəllimlərinə də təşəkkür edərək onlara fəxri fərmanlar təqdim edib.

Digər diaspor təşkilatlarının nümayəndələri, o cümlədən Azərbaycan-Nyu-York Assosiasiyasının vitse-prezidenti Zəminə Mirhadıyeva və Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan-Amerika Qadınlar Cəmiyyətinin prezidenti Münəvvər Vahabova müstəqillik illərində Azərbaycanın uğurlarından, birgə məqsədlərə ölkənin çiçəklənməsi naminə nail olmaq üçün diaspor təşkilatlarının birləşməsinin əhəmiyyətindən söz açıblar.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.